Yuxarı

​BANM-də "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi" keçirilib

Yarışmanın yekununda I, II, III yerlərə çıxan komandaların üzvlərinə diplom və mükafatlar təqdim edilib

Bakı. 2 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində "Gənc kimyaçıların yaradıcılıq musabiqəsi" keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin açılış mərasimində təşkilatçıları və iştirakçıları salamlayaraq onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyətinin uğurları və perspektivləri haqqında məlumat verib. O, BANM-in ölkə ictimaiyyəti, digər təhsil müəssisələri, elmi-tədqiqat institutları və yaradıcılıq mərkəzləri ilə daim sıx əməkdaşlıq etdiyini qeyd edərək, müsabiqənin məhz bu Ali Məktəbdə təşkilinin belə əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb. 

Bakı Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov müsabiqə iştirakçılarını salamlayaraq, yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini, gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu deyib.  

BANM-in "Kimya mühəndisliyi" ixtisasının 1-ci kurs tələbəsi Nərmin Baxışova və "Kimya mühəndisliyi" ixtisasının 3-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Pərnaz Səlimova təşkilatçılara və müsabiqə iştirakçılarına müraciətlərində özlərinin bu Ali Məktəbin tələbəsi adını qazandıqlarından qürur hissi keçirdiklərini qeyd edərək, buradakı münbit təhsil mühitinin, məzmunlu və maraqlı tələbə həyatının onların şəxsiyyət və mütəxəssis kimi formalaşmasında böyük rol oynadığını bildiriblər. 

Daha sonra 10 uşaq yaradıcılıq mərkəzinin, 2 yeniyetmə yaradıcılıq mərkəzinin,1 uşaq gənclər yaradıcılıq mərkəzinin, 7 texniki yaradıcılıq mərkəzinin, 1 gənc turistlər və diyarşünaslıq mərkəzinin, 2 şagirdlərin ekoloji tərbiyə və təcrübə mərkəzinin, 1 ekoloji tərbiyə və təcrübə mərkəzinin, 2 məktəbdənkənar tərbiyə işi mərkəzinin hər birində 3 nəfər olan 26 komandasının arasında müsabiqəyə start verilib. Komandaların üzvləri bir saat ərzində müsabiqə tapşırıqlarını yerinə yetirdikdən, sonra onların cavabları münsiflər tərəfindən qiymətləndirildi və qalib komandalar müəyyən edilib.

Tədbir çərçivəsində müsabiqə iştirakçıları üçün Bakı Ali Neft Məktəbi ilə tanışlıq ekskursiyası təşkil olunub.

Yarışmanın yekununda I, II, III yerlərə çıxan komandaların üzvlərinə Bakı Ali Neft Məktəbinin 1-ci, 2-ci və 3-cü dərəcəli diplomları və mükafatları təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi