Yuxarı
    Bağlamaq

    BANM-də elmi-texniki konfrans başlayıb

    Konfransın plenar iclasından öncə ümummilli lider Heydər Əliyevin Ali Məktəbin foyesindəki büstü önünə gül dəstələri düzülüb© BANM

    Bakı. 3 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tələbələrin 5-ci elmi-texniki konfransı başlayıb. 

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, konfransın açılışında BANM-in rəhbərliyi, professor-müəllim heyəti, SOCAR, BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton, Confidence Capital transmilli şirkətlərin nümayəndələri iştirak edirlər.

    Konfransın plenar iclasından öncə ümummilli lider Heydər Əliyevin Ali Məktəbin foyesindəki büstü önünə gül dəstələri düzülüb.

    Plenar iclası giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin 5-ci tələbə elmi-texniki konfransının ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, Azərbaycanın elm və təhsil siyasətinin inkişaf etdirilməsinin bilavasitə gənclərin elmi tədqiqatlara daha çox cəlb edilməsindən asılı olduğunu bildirib. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor Ali Məktəbdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. E.Qasımov bildirib ki, mayın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Ali Məktəbin yeni tikilmiş kampusunun açılışı keçirilib. Rektor xatırlatdı ki, BANM dövlət başçısının fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. O qeyd edib ki, Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnən, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.

    Daha sonra SOCAR-ın Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O vurğulayıb ki, gənclərin elm və təhsilə cəlb olunması dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biridir.

    SOCAR-ın Təlim, tədris və sertifikatlaşdıra idarəsinin rəisi Fuad Süleymanov qeyd edib ki, BANM ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün peşəkar mütəxəssislər hazırlayır və məhz bu gənclər gələcəkdə ən nüfuzlu transmilli şirkətlərdə çalışacaqlar. F.Süleymanov bildirib ki, Ali Məktəbin. təşəbbüsü ilə keçirilən elmi-praktik konfrans gənclərin yeni-yeni biliklər əldə etməsində, uğurlar qazanmasında öz müsbət təsirini mütləq göstərəcək.

    Sonra konfransda iştirak edən şirkət rəhbərləri və nümayəndələri BANM-in rəhbərliyinə bu möhtərəm tədbirə dəvət aldıqlarına görə təşəkkürünü bildiriblər. Hər biri konfrans haqqında müsbət fikirlərini səsləndirib və BANM-də milli kadrların, gələcək mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq etməkdən məmnunluğunu ifadə ediblər.

    Qeyd edək ki, konfransın plenar iclasında tələbələrin 4 seçilmiş məruzəsi dinlənilib – “Adaptiv süzgəclərin idarəetmənin keyfiyyətinin artırılması üçün tətbiqi”, “CO2 tətbiqi üçün həllolma istiqamətindəki aparılan təzyiqin azaldılması”, “Hava Günəş panelləri” və “Ağacşəkilli Günəş panellərinin tətbiqi və istifadəsi”.

    Ümumilikdə, konfransın gedişatında 53 məruzə dinləniləcək. Növbəti günlərdə konfrans öz işini bölmələrdə davam etdirəcək. “Neft-qaz mühəndisliyi” bölməsinin iclasında 8, “Kimya mühəndisliyi” bölməsinin iclasında 18, “Fizika və riyaziyyat” bölməsinin iclasında 14 və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” bölməsinin iclasında 9 məruzə dinlənilib münsiflər tərəfindən qiymətləndiriləcək. Konfransda BANM-in 55 tələbəsi iştirak edirlər.

    Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən SOCAR, BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton və Confidence Capital şirkətlərinin hədiyyələri təqdim olunacaq. Konfransın təşkilinin əsas məqsədi bacarıqlı və savadlı tələbələri aşkara çıxarmaq və onların bacarıqlarının gələcək layihələrdə tətbiqinə nail olmaqdır. Tələbələrin 5-ci elmi-texniki konfransı 4 may 2017-ci il tarixində öz işini yekunlaşdıracaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi