BANM-də “Bərpaolunan enerji” mövzusunda seminar keçirilib

BANM-də “Bərpaolunan enerji” mövzusunda seminar keçirilib Seminarın növbəti iclası fevral ayında keçiriləcək
Elm və təhsil
27 Yanvar , 2017 11:03
BANM-də “Bərpaolunan enerji” mövzusunda seminar keçirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) daimi fəaliyyət göstərən “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminarın növbəti iclası keçirilib.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda müxtəlif dövlət orqanlarının, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, bir sıra şirkətlərin nümayəndələri, o cümlədən müstəqil ekspertlərdən ibarət qonaqlar, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Seminarın iclasında “Azalternativenerji” MMC-nin Bərpa Olunan Enerji Resurslarının Monitorinqi Mərkəzinin rəhbərinin müavini Rasim Məmmədovun “Azərbaycanda bərpaolunan enerji resurslarının monitorinqi” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi ölkə ərazisində bərpaolunan enerji resurslarının monitorinqini həyata keçirmək üçün 21 meteostansiyanın quraşdırıldığını və il ərzində müxtəlif hündürlükdə radiasiyanın, temperaturun, küləyin sürətinin, rütubətin və sair parametrlərin ölçülməsi əsasında bərpaolunan enerji resurlarının qiymətləndirilməsinin nəticələrini açıqlayıb.

Məruzənin sonunda Rasim Məmmədov iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, BANM-də seminarın növbəti iclası fevral ayında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi