Yuxarı

​BANM-da beynəlxalq standartların tətbiqinə başlanılıb

TSİ-nin Azərbaycandakı təmsilçisi: Ali Məktəbdə olan idarəetmə sistemi, tədris prosesinin təşkili müasir tələblərə və standartlara uyğundur

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər. "Report" xəbər verir ki, bu barədə Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Bir həftə ərzində keçirilən audit yoxlanışından sonra BANM-in konfrans zalında auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olub. İclasda BANM-in rektoru Elmar Qasımov, Türk Standartları İnstitunun Keyfiyyət və Sistemin sertifikalaşdırılması departamentinin nümayəndəsi Mehmet Ali Dönməz, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsininrəisi Fuad Süleymanovvə BANM-in professor-müəllim heyəti iştirak ediblər.

İclası açan BANM-in rektoru Elmar Qasımov deyib ki, Bakı Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə uyğun olaraq, vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir: "BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlər görülməkdədir". 

Rektor bu müddət ərzində BANM-in strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə TSİ-nin təmsilçilərinə təşəkkürünü bildirib.

İclasda auditin nəticələri geniş şəkildə müzakirə olunub, müəyyən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, BANM-də vəzifə standartları, laboratoriyalarda, şöbələrdə təhlükəsizlik tədbirləri, tədris metodları standartları, tələbələrin elektron qeydiyyatı ilə bağlı Ali Məktəbdə görülən işlər məqsədəmüvafiq hesab olunub.

Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçisi Selim Çelebi Bakı Ali Neft Məktəbində bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək Ali Məktəbdə olan idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara uyğun olduğunu qeyd edib.

Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatın verilməsi ilə bağlı yekun qərar verildiyi elan olunub.

Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi