Yuxarı
    Bağlamaq

    BANM-da Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi yaradılıb

    Artıq ilkin kadr təyinatları həyata keçirilib

    Bakı. 27 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi yaradılıb. Bu barədə “Report”a ali məktəbin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, bu mərkəzin qarşısına qoyulan əsas vəzifələr günəş, külək, termal və bioloji enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində elmi-tədqiqatlar apararaq, bu sahələrin inkişafının təmin edilməsinə yönəlmiş tövsiyələr işləyib hazırlamaq və “Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə müasir tədris proqramları və texnologiyaları əsasında yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Bu məqsədə nail olmaq üçün Bakı Ali Neft Məktəbi Almaniyanın bu sahədə ixtisaslaşmış “E.ON” şirkəti ilə əlaqələr quraraq bu ölkənin Axen Universiteti ilə əməkdaşlıq razılaşması imzalayıb. Razılaşmada Bakı Ali Neft Məktəbində müvafiq infrastrukturun yaradılması və müvafiq avadanlıqla təchiz olunması, elmi-tədqiqat işlərinin aparılması və mütəxəssis hazırlığında birgə fəaliyyət göstərilməsi əks olunub.

    Artıq mərkəzin yaradılması istiqamətində işlər başlayıb, Bakı Ali Neft Məktəbinin tikintisi başa çatmaqda olan kampusunda mərkəz üçün məkan ayrılıb və ilkin kadr təyinatları həyata keçirilib.

    Ali məktəbdən bildirilib ki, bu mərkəzin fəaliyyətində “elm-tədris-istehsalat” üçbucağı konsepsiyası əsas xətt kimi qəbul edilərək ölkənin elm, təhsil və sənaye müəssisələrinin və biznes strukturlarının vahid məqsəd uğrunda inteqrasiyasını təmin etmək prioritet vəzifə olacaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi