BANM Böyük Britaniya universiteti ilə birgə magistr hazırlayacaq

BANM Böyük Britaniya universiteti ilə birgə magistr hazırlayacaq HVU-da “Azərbaycan gün”ü, BANM-də isə “Şotlandiya günü” keçiriləcək
Elm və təhsil
28 Aprel , 2016 10:20
BANM Böyük Britaniya universiteti ilə birgə magistr hazırlayacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın Heriot-Vatt Universiteti (HVU) ilə birgə magistr hazırlayacaq

Bu barədə "Report"a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, BANM-ın rektoru Elmar Qasımovun rəhbərliyi ilə Ali Məktəbin nümayəndə heyəti Birləşmiş Krallığın Edinburq şəhərində yerləşən HVU-də olublar. Səfər müddətində HVU-nun rəhbərliyi ilə tədris prosesi çərçivəsində mövcud əlaqələrin və gələcək əməkdaşlığın perspektivləri, birgə magistratura proqramının həyata keçirilməsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Səfər zamanı rektor Elmar Qasımov HVU-nun rektoru, professor Riçard Viliamsla görüşüb. Görüş çərçivəsində əməkdaşlığın strateji istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin mövcud əməkdaşlığın magistratura və PhD səviyyələrində genişləndirilməsi ilə bağlı konkret təkliflər səsləndirilib. Eyni zamanda, BANM və HVU arasında təhsil sahəsində olan əməkdaşlıq əlaqələrinin iki ölkə arasında mədəni əməkdaşlıq üçün də əsas ola biləcəyi qənaətinə gələrək bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Bununla yanaşı, səfər çərçivəsində HVU-nun Mühəndislik və təbiət elmləri fakültəsinin rəhbəri, o cümlədən birgə əməkdaşlığa məsul olan professor-müəllim heyəti və administrativ nümayəndələrlə geniş fikir mübadiləsi aparılıb, cari və perspektiv məsələlər barədə konkret razılıq əldə olunub. Müzakirələr əsasən imtahan nəticələri, tədris materiallarının məzmun və tərkibcə zənginləşdirilməsi, magistratura və elmi-tədqiqat sahəsində əməkdaşlıq, tələbə mübadiləsi, BANM-in yeni kampusunda laboratoriya və auditoriyaların təchizatı kimi məsələləri əhatə edib.

Bir sıra məsələlərlə yanaşı, birgə magistratura proqramı ilə bağlı müqavilənin imzalanması, HVU-nun rektoru, professor R.Viliamsın Bakıya səfəri, həmçinin iki ölkə arasında mədəni əməkdaşlığa töhfə verə biləcək tədbirlər - HVU-da “Azərbaycan gün”ü və BANM-də “Şotlandiya günü” nün keçirilməsi barədə razılıq əldə olunub. 

Son xəbərlər

Orphus sistemi