Yuxarı

Bakıdakı orta ixtisas təhsili müəssisələrində imtahan vaxtı dəyişdirilib

İmtahan sessiyası dekabrın 29-dan başlayaraq 3 həftə müddətinə başa çatdırılmalıdır

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan təhsil naziri Mikayıl Cabbarov orta ixtisas təhsili müəssisələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr imzalayıb. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Əmrə əsasən, orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etmək tapşırılıb.

Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamına və Təhsil Nazirliyinin məktubuna uyğun olaraq, Bakıda yerləşən orta ixtisas təhsili müəssisələri imtahan sessiyasını dekabrın 29-dan başlayaraq 3 həftə müddətinə başa çatdırmalı, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Bundan əlavə, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaradılmalı, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir: "Onlar nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar".

Əmrə əsasən, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verilməlidir.

Nazirliyin Aparat rəhbəri, İlk peşə və orta ixtisas təhsili və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar, orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi