Yuxarı
    Bağlamaq

    ​Bakıda "Yol nişanlarının əlifbasını birlikdə öyrənək" mövzusunda seminar keçirilib - FOTO

    Seminarın fəal iştirakçılarına diplomlar təqdim olunub

    Bakı. 11 aprel. REPORT.AZ/ 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində "Yol nişanlarının əlifbasını birlikdə öyrənək" mövzusunda ibtidai sinif şagirdləri üçün maarifləndirici seminar keçirilib. "Report" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirmək olub.

    Mərkəzin uşaq avtoşəhərciyi bayraqlar, şüarlar, plakatlar, stendlər və yol nişanları ilə bəzədilib. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyinə yönəldilməsi məqsədilə keçirilən tədbirə qatılan "Yol hərəkəti dərnəyi"nin xüsusi formalar geyinmiş üzvləri interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdiriblər.

    Yol polisinin əməkdaşları çıxış edərək əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə edib və hamını qanunlara riayət etməyə çağırıblar. Digər çıxış edənlər isə yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğulayıblar.

    Tədbirin sonunda təşkilatçılar uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vasitələri hədiyyə ediblər. "Uşaqlar və yol təhlükəsizliyi" layihəsinin fəal iştirakçılarına 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin diplomları təqdim olunub.

    Yol hərəkəti qaydalarını məktəblərdə təbliğ etmək məqsədilə keçirilən maarifləndirici seminarda Daxili İşlər Nazirliyi (DIN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşı polis mayoru Deystani İsa, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) bölmə rəisi polis polkovniki Vaqif Əsədov, idarənin digər əməkdaşı polis polkovnik leytenantı Rasim Abdullayev, 32, 44, 60, 96, 126, 132, 151, 164 saylı məktəblərin və Avropa liseyinin müəllimləri, şagirdləri iştirak edib. Mərkəzin avtoşəhərciyində velosiped sürənlərin çıxışları olub. Sonra rəqs qrupları çıxış ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi