Bakıda xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib

Bakıda xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib Nazir Mikayıl Cabbarov: "Burada həm yerli, həm də xarici kadrların biliklərindən istifadə olunur"
Elm və təhsil
2 Aprel , 2015 10:57
Bakıda xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin 5 saylı Bakı peşə liseyində xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin digər rəhbər şəxsləri və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Layihələrin təqdimatı zamanı məlumat verilib ki, təhsil nazirliyi ilə "Abşeron hotel group" MMC arasında razılaşmaya əsasən 5 saylı peşə liseyində ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçiriləcək. Məqsəd I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə veriləcək yeni beş ulduzlu "Bulvar hotel" və "İnturist hotel" mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır.

Təhsil naziri Mikayıl Cabbarov peşə təhsili sahəsində belə miqyasda təlim layihəsinin ilk dəfə həyata keçirildiyini bildirib.

Nazir bu layihənin turizm-xidmət sahəsinin kadrlarla təmin olunmasına töhfə verəcəyini vurğulayıb: "Bir çoxlarınız üçün peşəkar insan hər bir cəmiyyətdə yüksək qəbul olunur, onun maddi rifahı yüksək olur. Bunların kökündə isə peşə hazırlığı tədrisinin keyfiyyəti, hər kəsin tədrisə olan münasibət və tələbkarlığı dayanır. Hər bir cəmiyyətin ən böyük kapitalı onun vətəndaşlarıdır. Yerli əmək bazarında yeni yaranan peşələr üçün mütəxəsislər tapa bilmirik. Buna görə də həmin şirkətlərə xarici ölkələrdən peşəkarları dəvət edirik. Ona görə də bütün problemlərin həllində peşə təhsilinin inkişafı əsasdır. Hazırda öz gənclərimizə bunları verə bilər, digər tərəfdən, dünya səviyyəsində olan keyfiyyəti burada tətbiq edə bilərik".

O, həmçinin qeyd edib ki, dünya səviyyəsində 5 və 4 ulduzlu hotellərin, eləcə də digər obyektlərin idarəedilməsi peşəkar şəkildə kadr hazırlığına önəm verilir. Bütün bunları nəzərə alaraq, 5 saylı peşə məktəbində yaradılan infrastrukturdan istifadə etməklə dünya standartlarına cavab verən tədris tətbiq ediləcək. Çünki burada həm yerli, həm də xarici kadrların biliklərindən istifadə olunur. Peşə təhsilinin gələcəyi işəgötürənlərlə sıx əlaqədən asılıdır. Bu əlaqə olmadan həyata keçirilən işlər istənilən səviyyədə səmərə verə bilməz".

M.Cabbarov əlavə edib ki, təlimlərdən keçən gənclər Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək mehmanxanalarda və "Abşeron Hotel Group" MMC-nin tərkibinə daxil olan digər restoranlar şəbəkəsində işlə təmin olunmaq şansı qazanacaqlar.

Rəsmi hissədən sonra qonaqlar liseydə layihə çərçivəsində keçirilən təlim prosesini izləyiblər.

Daha sonra tədbir iştirakçıları "Müasir Azərbaycan Peşəkarları" layihəsi çərçivəsində yeni yaradılan mühafizəçi kurslarının təlim otaqları ilə tanış olub, Eldar studio şirkəti ilə birgə tədris olunan bərbərlik ixtisası üzrə təlim prosesini izləyiblər.

Son xəbərlər

Orphus sistemi