Yuxarı
    Bağlamaq

    Bakıda qeydiyyatı olmayan şəxslərin övladlarının I sinfə qəbulu ilə bağlı anlaşılmazlıqlara rəsmi münasibət bildirilib

    Kommunal ödəniş kodu əsas götürülür

    Bakı. 4 aprel. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda qeydiyyatı olmayan şəxslərin övladlarının I sinfə qəbul zamanı yaranan anlaşılmazlıqlara münasibət bildirib.

    İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bəzi məktəblərdə şagird sıxlığının qarşısını almaq məqsədilə I sinfə şagird qəbulu, ilk növbədə prioritetlər əsasında (məktəbin mikroərazisində yaşayırsa, bacı və ya qardaşı həmin məktəbdə təhsil alırsa, valideynləri həmin məktəbdə işləyirsə) aparılır.

    İdarədən qeyd olunur ki, mikroərazi yaşayış ünvanının kommunal ödəniş kodu valideynin şəxsiyyət vəsiqəsindən gələn ünvana və yaxud uşağın şəxsiyyət vəsiqəsindən gələn ünvana əsasən təyin edilir: “Bu halda vətəndaş faktiki olaraq məktəbin mikroərazisində yaşayırsa, övladı elektron sistem tərəfindən avtomatik olaraq, müvafiq ümumi təhsil müəssisəsinin I sinfinə qeydə alınır. Kirayədə yaşayan vətəndaşlara isə övladları üçün yaşadıqları ərazi üzrə seçdikləri məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Özəl liseylərdə I sinfə qəbul Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmır”.

    Qeyd edək ki, Bakıda kirayədə yaşayan, eləcə də paytaxt üzrə qeydiyyat və yaşayış ünvanı fərqli olan vətəndaşların övladları I sinfə şagird qəbulu üzrə www.mektebeqebul.edu.az elektron sistem vasitəsilə ümumi qaydada qeydiyyatdan keçməlidirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi