Yuxarı

Bakıda nümunəvi dərslərin tədrisinə başlanılıb

AMEA-nın Polimer Materialları İnstitutunun direktoru Akif Əzizov ilk nümunəvi dərsi tədris edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda nümunəvi dərslərin tədrisinə başlanılıb. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, ilk belə dərs bu gün Bakı şəhərindəki Texniki Humanitar Liseydə keçirilib. 

Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ilk nümunəvi dərsi tədris edib. O, liseyin kimya laboratoriyasında 9-cu sinif şagirdlərinə kimya fənni üzrə nümunəvi dərs tədris edib, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində "Elmdən Təhsilə" adlı proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun təşkil edilir. Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunan razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edəcək.

Nümunəvi dərslərin tədrisi üçün paytaxtın 26 ümumi təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4 müəssisə bu il əsaslı təmir olunan təhsil ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi