Yuxarı
    Bağlamaq

    Bakıda məktəb direktorları və müavinləri üçün təlim keçiriləcək

    Təlimi Paris Sorbonna Abu-Dabi Universitetinin müəllimi keçirəcək

    Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Paris Sorbonna Abu-Dabi Universiteti arasında baş tutan əməkdaşlıq nəticəsində dekabrın 17-də intensiv təlim-seminar proqramı fəaliyyətə başlayacaq. "Report" xəbər verir ki, bu barədə idarənin yaydığı məlumatda bildirilir.

    Bakıda təşkil olunacaq dövlət ümumtəhsil müəssisələrinin rəhbərləri üçün intensiv təlim proqramında direktor, direktor müavinləri və digər təhsil işçiləri iştirak edəcəklər. Təlim Paris Sorbonna Abu-Dabi Universitetinin müəllimi və təlimçisi kimi fəaliyyət göstərən Martina Dickson tərəfindən keçiriləcək. Bu təlim zamanı məktəb rəhbərləri liderlik qabiliyyətlərini inkişaf etdirmək üçün zəruri olan bilik və bacarıqlara yiyələnəcəklər. Seminarın məqsədi təhsil işçilərinə qabaqcıl təlim sistemini tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir.

    Eyni zamanda, məktəb işinin planlaşdırılması və həyata keçirilməsi baxımından təhsil işçilərinin davamlı və peşəkar inkişafı sahəsində özünüqiymətləndirmənin formalaşdırılması, şagirdlərin öyrənmə qabiliyyətlərinin inkişaf etdirilməsi, strateji planlaşdırma bacarığının artırılması təlimin əsas meyarlarındandır. 

    Qabaqcıl təhsil işçilərinin iştirak etdiyi təlim-seminar proqramı modullar əsasında təşkil ediləcək. Bu modullar təhsilverən və tədris metodları, insan resurslarının inkişafı, maliyyə idarəetməsi, strateji idarəetmə və məktəb idarəetməsindən ibarətdir.

    Dekabrın 21-dək davam edəcək təlim-seminarın sonunda yekun qiymətləndirmədən uğurla keçən iştirakçılara Paris Sorbonna Abu-Dabi Universiteti tərəfindən təlimdə müvəffəqiyyət qazandıqlarına dair sertifikatlar veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi