Yuxarı
    Bağlamaq

    Bu həftə Bakıda əvvəlki qiymətləndirmədə iştirak etməyən müəllimlərin bilik və bacarıqları yoxlanacaq

    İmtahana cəlb edilməsi planlaşdırılan kontingentin sayı 2500-ə yaxındır

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi oktyabrın 29, 30 və 31-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında keçiriləcək. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

    Məlumata görə, imtahanlarda həmçinin nazirliyin cari ildə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər də iştirak edəcək.

    Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar. Ümumilikdə, imtahana cəlb edilməsi planlaşdırılan kontingentin sayı 2500-ə yaxındır.

    Qeyd edək ki, Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30 000 nəfər müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Nəticədə orta hesabla əməkhaqqı 35 faiz artıb, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi