Bakıda "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" mövzusunda beynəlxalq seminar keçirilir

Bakıda "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" mövzusunda beynəlxalq seminar keçirilir Tədbir Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir
Elm və təhsil
30 Noyabr , 2015 11:48
Bakıda Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər mövzusunda beynəlxalq seminar keçirilir

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakıda "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" mövzusunda beynəlxalq seminar keçirilir. 

"Report" xəbər verir ki, tədbir Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə təşkil olunub. 

“Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun reallaşdırılması ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində keçirilən seminar “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusuna həsr olunub. 

Seminara ÜƏMT-nin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə bölməsinin rəhbəri, Kolumbiya Universitetinin professoru, Kitabxana Asossiasiyaları və Müəssisələri Beynəlxalq Federasiyası (IFLA) və Reproqrafik Hüquqlar üzrə Təşkilatların Beynəlxalq Federasiyasını (IFRRO) təmsil edən nümayəndələr, həmçinin Türkiyə, Gürcüstan, Qazaxıstan, Belarus və Qırğızıstan da daxil olmaqla, bir sıra ölkələrdən dəvət olunan əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər və mütəxəssislər qatılıb.

Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, agentlik tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində keçirilən silsilə tədbirlərin davamı olan bu seminarın təşkil olunmasında əsas məqsəd müəlliflərin və hüquq sahiblərinin mənafelərinin qorunması, kitabxanaların, xüsusən elektron kitabxanaların xidmətlərinin, rəqəmsal formatda saxlanılan əsərlərin nüsxələrindən istifadənin müəllif-hüquq sisteminə təsiri və meydana çıxan neqativ hallar, onların qarşısının alınması üçün tətbiq edilən məhdudiyyətlər və digər hüquqi tənzimlənmə yolları, eyni zamanda, cəmiyyətin maraqlarına xidmət edən istisnalar haqqında fikir mübadiləsi aparmaqdır. 

K.İmanov qeyd edib ki, seminarda, həmçinin kitabxana, arxiv və təhsil müəssisələrinin fəaliyyətində şəxsi, elmi, təhsil və kitabxanalararası abonement-ötürmə məqsədi ilə leqal rəqəmsal surətçıxartma, tərcümə hüququ,“yetim”əsərlərdən istifadə, texniki müdafiə vasitələri ilə münasibət və s. kimi həlli vacib olan problemlər müzakirə olunacaqdır.

Seminarda bildirilib ki, kitabxanaların biliklərin formalaşmasında, intellektual varidatın və müəlliflərin yaradıcı əməyinin məhsulunun qorunub saxlanması və cəmiyyətə çatdırılması işində rolu əvəzsizdir. Bu səbəbdən, hazırda dünyada kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və bu informasiya mənbələrinin müasir tələbata cavab verə biləcək formaya salınması sahəsində görülən işlərin geniş vüsət aldığı əlavə olunub. K,İmanov deyib ki, hazırda Avropa kitabxanası vahid portal vasitəsilə 48 milli kitabxananın 35 dildə olan fondlarının əlçatımlılığını təşkil edərək, 230 milyon yazılı mətni və 230 milyon rəqəmsallaşdırılmış obyektləri əldə etmək imkanı verir:" “Google” şirkətinin hesablamalarına görə isə dünyada 130 milyona yaxın orijinal kitab mövcuddur və onların yüksək sürətlə şirkət tərəfindən rəqəmsallaşdırılması prosesi gələcəkdə nəhəng elektron kitab bazasının yaranmasına rəvac verəcəkdir.

Azərbaycanda bu sahədə mövcud olan vəziyyətdən danışarkən qeyd etmək lazımdır ki, ölkə ərazisində hazırda 3 mindən artıq kitabxana fəaliyyət göstərməkdədir. Ölkədə elektron kataloqu olan kitabxanaların sayı 50-ni ötüb və hazırkı mərhələdə Azərbaycan ədəbiyyatı virtual kitabxanasında 5 min kitab saxlanılmaqdadır.

Texnologiyanın inkişafı nəticəsində kitabların sürətlə rəqəmsallaşdırılması, yeni istifadə üsullarının yaranması, əsərlərin istifadə dairəsinin genişlənməsi, eyni zamanda, müəlliflərin və hüquq sahiblərinin maraqlarının qorunması, onların yaradıcılığının həvəsləndirilməsi zərurətini də ortaya çıxarır və məcburi lisenziyalar və digər yollarla məhdudiyyətlərin tətbiqinə səbəb olur".

Son xəbərlər

Orphus sistemi