Bakıda 6000-ə yaxın rus bölməsi abituriyenti "Azərbaycan dili" fənnindən imtahan verəcək

Bakıda 6000-ə yaxın rus bölməsi abituriyenti "Azərbaycan dili" fənnindən imtahan verəcək Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti imtahanda iştirak edə bilərlər
Elm və təhsil
22 Aprel , 2015 18:41
Bakıda 6000-ə yaxın rus bölməsi abituriyenti Azərbaycan dili fənnindən imtahan verəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 26-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirəcək. 

TQDK-dan "Report"a verilən xəbərə görə, qeyd olunan şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunacaq imtahan saat 13:00-da başlanır və 45 dəqiqə ərzində aparılır.

İmtahanda 8 426 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 4041 nəfərini oğlanlar, 4385 nəfərini qızlar təşkil edir. Bakıda 5525 , Naxçıvanda 26 , Gəncədə 821, Sumqayıtda 587, Şəkidə 374, Ağcabədidə 109, Göyçayda 224, Şirvanda 144, Lənkəranda 160, Xaçmazda 456 nəfər abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunması üçün 63 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb.

İmtahanda iştirak etmək üçün abituriyentlər TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Burada abituriyentin imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Abituriyentlər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsini" və şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər. Qeyd olunan sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq.

Xatırladaq ki, abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Qeyd edək ki, aprelin 26-da keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi