Yuxarı

Bakı və Gəncədə Türkiyə universitetlərinin sərgisi keçiriləcək

Sərgidə iştirak ödənişsizdir

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanın Bakı və Gəncə şəhərlərində böyük təhsil sərgiləri təşkil ediləcək.

"Report" xəbər verir ki, aprelin 2-3-də 12:00-dan 17:00-dək Bakıda "Park Inn" hotelində 20-dən çox Türkiyə universitetinin və yataqxanalarının iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq.

Sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.

Sərgi müddətində seminarların keçirilməsi də nəzərdə tutulur.

Aprelin 5-də isə üçüncü dəfə olaraq Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunacaq. Sərgi 12:00-17:00-dək "Ramada Plaza" hotelində təşkil ediləcək. Həmin sərgidə Türkiyənin bir çox dövlət və vəqf universitetləri təmsil olunacaq. Hər iki sərgidə Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur.

“Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkil etdiyi sərgilərdə iştirak ödənişsizdir.

Sərgilərdə Boğaziçi Universiteti, Bahçeşehir Universiteti, İstanbul Aydın Universiteti, Beykent Universiteti, Uluslararası Kıbrıs Universiteti, Celal Bayar Universiteti, Bilkent Universiteti kimi bir çox məşhur universitetlər iştirak edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi