"Bakı Tikiş Evi"nin rəsmisi: "Sədərək və Binə ticarət mərkəzlərində satılan məktəbli formaları bizim məhsulumuz deyil"

"Bakı Tikiş Evi"nin rəsmisi: "Sədərək və Binə ticarət mərkəzlərində satılan məktəbli formaları bizim məhsulumuz deyil" Hazırda satış mərkəzlərinin hamısında sıxlıq müşahidə olunur
Elm və təhsil
7 Sentyabr , 2015 12:11
Bakı Tikiş Evinin rəsmisi: Sədərək və Binə ticarət mərkəzlərində satılan məktəbli formaları bizim məhsulumuz deyil

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Hazırda anbarda bütün formalardan yetəri qədər var. Tədris ilinin başlanmasına az vaxt qaldığına görə bütün satış mərkəzlərimiz fasiləsiz fəaliyyət göstərir". Bunu "Report"a açqılamasında "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

O qeyd edib ki, məktəbli formalarının satıldığı bütün satış mərkəzlərinin ünvanı və əlaqə nömrələri BTE-nin saytında qeyd olunub: "Hər kəs öz yaşadığı ərazidə bizim satış mərkəzlərinə yaxınlaşıb məktəbli formalarını ala bilərlər. Kiminsə şikayəti olsa, bizim "qaynar xətt"ə - 597 45 39 nömrəsinə zəng edə bilərlər. Hər kəsin sualı bu nömrə vasitəsilə cavablandırılır".

Məktəbli formalarının satışının ən qaynar vaxtının indi olduğunu diqqətə çatdıran şöbə rəisi bildirib ki, əksər valideynlər övladlarına formanı dərslərin başlamağına bir həftə qalmış alır: "Bütün yayı gəzirlər, xaricə və ya istirahətə gedirlər, ancaq son bir həftədə uşağa məktəbli forması almağa qərar verirlər. Buna görə də hazırda satış mərkəzlərinin hamısında sıxlıq müşahidə olunur. Bu səbəbdən, bazar günləri də çalışırıq. Məsələn, dünən BTE-nin bütün işçiləri iş başında olub. 16 satış mərkəzimiz var. Hamısı da lazım olan məktəbli formaları ilə təchiz olunub. Heç kim deyə bilməz ki, istənilən satış mərkəzimizdə hansısa ölçüdə məktəbli forması tapa bilmədi".

Məktəbli formalarının qiymətinə toxunan qurum rəsmisi əlavə edib ki, I və VI siniflər üçün (qız və oğlan) kostyumlar 34 AZN, köynək və jilet 6 AZN, VII və XI siniflər üçün kostyum 43 AZN, köynək 7 AZN, jilet isə 6 AZN təşkil edir: "Bütün qiymətlər satış mərkəzlərində yapışdırılıb".

Şöbə rəisi BTE-nin əmtəə nişanından qanunsuz istifadə edilərək saxta məktəbli formalarının satılması məsələsinə də münasibət bildirib: "Təəssüf ki, işbazlar bu il də öz əməllərindən əl çəkmirlər. Çindən mənşəyi bilinməyən məktəbli formalarını gətirərək burada ucuz qiymətə satırlar. Hətta əmtəə nişanımızı elə gözəl götürüb istifadə edirlər ki, bizim nişandan demək olar fərqlənmir. Halbuki, əmtəə nişanı üçün bizim müəlliflik hüququmuz var. Əslində heç kimin ixtiyarı yoxdur ki, bizim addan istifadə etsin. Çünki adımız üçün bizə sertifikat verilib. Lakin hər yer saxta mallarla doludur. Misal olaraq, Sədərək və Binə ticarət mərkəzlərində, şəhərdə isə 8-ci km bazarında bu cür mallara rast gəlmək olar. Amma o malların bizə heç bir aidiyyəti yoxdur.

Həmin formalardan bizim tikdiyimiz formaları fərqləndirən əsas xüsusiyyətlər parçası, tikilişi və qiymətidir. 20-25 manatlıq formanın hansı keyfiyyətindən danışmaq olar? Həmin kostyumların da davamlılıq müddəti maksimum 6 ay ola bilər. Eyni zamanda, saxta məktəbli formaları tez tiftiklənir və rəngi solur". 

Son xəbərlər

Orphus sistemi