Yuxarı

Bakı Təhsil İdarəsi oğlu qətl törədən məktəb direktorunun işdən çıxarılmasına aydınlıq gətirib

“Rəhimə Əliyeva məktəbdə ixtisası üzrə müəllim saxlanılıb”

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi oğlu qətl törədən məktəb direktorunun işdən çıxarılmasına aydınlıq gətirib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyeva öz ərizəsi əsasında işdən azad olunub. 

İdarədən bildirilib ki, R.Əliyeva təqdim etdiyi ərizə əsasında təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq, məktəbdə ixtisası üzrə müəllim saxlanılmaqla Bakı şəhəri 191 saylı tam orta məktəbin direktoru vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, R.Əliyeva 2015-ci ilin iyul ayında keçmiş arvadını öldürərək yandıran şəxsin anasıdır. Belə ki, paytaxtın Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan 1981-ci il təvəllüdlü Natəvan Əliyeva 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızıdır.

N.Əliyeva keçmiş həyat yoldaşı, məktəb direktorunun oğlu - 34 yaşlı Əliyev Samir Səməndər oğlu tərəfindən qətlə yetirilərək yandırılıb.

Xatırladaq ki, keçən il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. O, üç uşaq anası olub.

Faktla bağlı cinayət işi başlanıb, qətli törədən şəxs həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi