Yuxarı

Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsi həyata keçiriləcək

Alman Araşdırma Mərkəzinin texnoparkındakı cihazların paytaxtda quraşdırılması üçün ilkin razılıq əldə olunub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsi həyata keçiriləcək. 

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş mühəndis, geologiya üzrə fəlsəfə doktoru Rauf Muradov və Elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinin (GFZ EXSM) rəhbəri Stefano Parolainin dəvəti ilə sentyabrın 19-23-də Almaniyanın Potsdam şəhərində yerləşən GFZ-də işgüzar səfərdə olublar. GFZ EXSM-nin dəstəyi ilə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında aparılan danışıqlar bir neçə mərhələdən ibarət olub.

Sentyabrın 19-da baş tutan görüşdə GFZ EXSM-nin rəhbəri, prof. Stefano Parolai, geofizik Tobias Boxberger, Mərkəzin baş elmi işçisi, tədqiqatlar üzrə menecer, doktor Massimiliano Pittore, doktor Kevin Fleming, Azərbaycan tərəfdən isə AMEA-nın müxbir üzvü Q.Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Görüşdə tərəflər aparılan elmi tədqiqatlar, görülən işlər və alınmış nəticələr barəsində məlumat veriblər. GFZ EXSM-nin baş elmi işçisi, tədqiqatlar üzrə menecer, doktor Massimiliano Pittore tədqiqatlar zamanı istifadə edilən müasir cihazlar və metodlar, eləcə də Mərkəzin Orta Asiyada (Qırğızıstanda, Qazaxstanda, Özbəkistanda, Tacikistanda) və Türkiyədə (İstanbul) həyata keçirdiyi tədqiqat işləri və alınan nəticələr haqqında, Mərkəzin geofiziki Tobias Boxberger isə bu tədqiqatlar zamanı istifadə olunan və Mərkəzin əməkdaşları tərəfindən yaradılan proqram təminatları və onların iş prinsipləri haqqında danışıb. Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması və seysmik təhlükəli zonaların müəyyənləşdirilməsi məqsədilə aparılacaq tədqiqat işlərinin həyata keçirilməsi üçün imkanlar müzakirə olunub.

AMEA nəzdində RSXM-nin nümayəndə heyətinin daha bir görüşü 20 sentyabrda GFZ EXSM-nin Almanyanın Potsdam şəhərində yerləşən mərkəzi kampüsündə baş tutub. Müzakirələrdən əvvəl Azərbaycanm nümayəndə heyəti kampüsla tanış olub. GFZ EXSM-nin rəhbəri, prof. Stefano Parolai, GFZ-nin Elmi infrastrukturun rəhbəri, Yer Sistemləri Bilikləri Platformasının rəhbəri, Mərkəzi Asiya Tətbiqi Geoelmlər İnstitutunun direktoru, doktor Jörn Lauterjung, Q.Yetirmişli, T.Cəfərov, R.Muradovun iştirak etdiyi müzakirələr zamanı Jörn Lauterjung GFZ-nin imkanları və apardığı tədqiqat işləri haqqında məlumat verib.

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Bakı şəhərinə təsir edən zəlzələ ocaqları haqqında məruzə ilə çıxış edərək, Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması işlərinin vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Doktor Jörn Lauterjung Azərbaycanda seysmologiya sahəsində görülən işlərin yüksək səviyyədə olduğunu bildirərək Bakı şəhərinə təsir edən zəlzələ ocaqlarının əksəriyyətinin Xəzər dənizində olduğu üçün Xəzər dənizində də seysmik stansiyaların qurulmasının çox vacib olduğunu vurğulayıb. Doktor Jörn Lauterjung Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün lazım olan texniki köməklik göstəriləcəyini bildirib. Görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün GFZ-nin texno parkında olan cihazların Bakı şəhərində quraşdırılması üçün ilkin razılıq əldə olunub. Bildirilib ki, GFZ-nin texno-parkından ilkin olaraq 20 stansiyanın 2 il müddətində Bakı şəhərində quraşdırılması GFZ-nin hesabına həyata keçiriləcək. Quraşdırma işləri hər iki təşkilatın əməkdaşlarının iştirakı ilə həyata keçiriləcəkdir. Bununla bağlı RSXM-nin bir neçə əməkdaşının əvvəlcədən GFZ-də Almaniyalı tədqiqatçılarla birlikdə 2-3 ay işləyərək təcrübə toplaması nəzərdə tutulur. Birgə əməkdaşlıq zamanı alınmış məlumatların birgə emal edilməsi və layihənin 2017-ci ilin aprel-may aylarında başlanılması razılaşdırılıb. Bununla yanaşı AMEA nəzdində RSXM-nin gənc magistrant və doktorantlarının GFZ-də təhsil almaları qərara alınıb.

RSXM əməkdaşlarının daha bir görüşü isə sentyabrın 21-də olub. Görüşdə GFZ EXSM-nin rəhbəri, prof. Stefano Parolai, Zəlzələlərin və vulkanların fizikası bölməsinin mühəndis - geofiziki Birger-G.Lühr, Q.Yetirmişli, T.Cəfərov, R.Muradov iştirak ediblər. Birger-G.Lühr vulkanlar və zəlzələlər ilə bağlı apardıqları tədqiqat işləri haqqında geniş məlumat verib. Dünyanın bir çox ölkələrində (İndoneziya, Rusiya – Kamçatka, Türkiyə, İtaliya və.s) tədqiqat işləri aparan alim alınan çox maraqlı nəticələri görüş iştirakçılarının diqqətinə çatdırıb. RSXM-nin baş direktoru Qurban Yetirmişli Azərbaycanda palçıq vulkanlarının çox geniş yayıldığını və palçıq vulkanları ilə zəlzələlərin arasındakı əlaqə haqqında məruzə ilə çıxış edərək bu sahədə birgə tədqiqatların aparılmasını təklif edib. Palçıq vulkanlarının monitorinqinin aparılması və zəlzələlər zamanı vulkanlarda baş verən proseslərin izlənilməsinin vacibliyi də qeyd olunub. Birger-G.Lühr bildirib ki, onlar apardıqları tədqiqatlar zamanı vulkanların ətrafında quruda və dənizin dibində seysmik stansiyalar quraşdırırlar ki, bu da o ərazidə baş verən prosesləri izləməyə imkan verir. Xəzər dənizində də seysmik stansiyaların quraşdırılmasının vacibliyinə toxunan Birger-G.Lühr bunun seysmik aktivliklə yanaşı palçıq vulkanlarının da fəaliyyətinin izlənilməsinə də imkan yaradacağını deyib. Birger-G.Lühr bu sahədə birlikdə tədqiqatların aparılması təklifini müsbət qiymətləndirərək, bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi