Yuxarı
    Bağlamaq

    Bakı Şəhəri üzrə Təhsil İdarəsində 29 könüllü işləyəcək

    Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) V könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub.

    Bu barədə "Report"a BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

    Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, İdarənin struktur bölmə rəhbərləri və V könüllülük proqramını başa vuran gənclər iştirak ediblər.

    BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov V könüllülük proqramı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 100-ə yaxın gəncin elektron qaydada müraciət etdiyini, onlardan müvafiq meyarlar əsasında 57 nəfərin müsahibəyə çağırıldığını və 29 nəfərin müsahibədən müsbət nəticə əldə etdiyini bildirib.

    H.Əsgərov qeyd edib ki, seçimlərin nəticələrinə uyğun olaraq, könüllü gənclərdən 4-ü Ümumi sektor, 2-si Məktəbdənkənar fəaliyyətin təşkili sektoru, 5-i İnsan resursları sektoru, 2-si İctimaiyyətlə əlaqələr sektoru, 4-ü Ümumi təhsil sektoru,1-i İnformasiya təminatı sektoru, 3-ü Təminat və təchizat sektoru, 2-si Hüquq sektoru, 3-ü İnkişaf layihələri sektoru, 1-i Maliyyə və mühasibatlıq sektoru, 1-i Xidmət bölmələri, 1-i isə Təlimə Dəstək Mərkəzində fəaliyyət göstərib.

    Könüllüləri təbrik edən İdarənin müdir müavini onların hansı sahədə çalışmalarından asılı olmayaraq hər yerdə uğur qazanacaqlarına inandığını söyləyib.

    BŞTİ-nin struktur bölmə rəhbərləri V könüllülük proqramı iştirakçılarının 3 aylıq fəaliyyəti dövründə gənclərin ünsiyyət, yardım etmək, tapşırılan işi layiqincə yerinə yetirmək xüsusiyyətlərinə görə seçildiklərini qeyd edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

    Həmçinin V könüllülük proqramına qatılan gənclər 3 aylıq təcrübə müddətində BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətilə yaxından tanış olduqlarını, korporativ ünsiyyət vərdişlərini formalaşdırdıqlarını deyiblər. Bütün bu nailiyyətlərin qazanılmasında İdarə kollektivinin böyük rolu olduğunu deyən gənclər onlara öz təşəkkürlərini bildiriblər.

    Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 5 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında 42, beşinci könüllülük proqramında isə 29 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstərib. Onlardan 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi