Yuxarı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi dərs ilinin uzadılması ilə bağlı əlavə tədbirlər görüb

“Məktəblərdə şagirdlərin dərsə davamiyyəti yaxşı olub”

Bakı. 8 iyun. REPORT.AZ/ 2015/2016-cı dərs ilindən etibarən ölkənin ümumtəhsil məktəblərində dərs məşğələlərinin iyunun 14-dək uzadılması ilk dəfə tətbiq olunduğu üçün pedaqoji və şagird kollektivlərinin, eləcə də valideynlərin dərs ilinin yeni müddətinə psixoloji cəhətdən tam uyğunlaşdırılması istiqamətində təsirli təşkilati-pedaqoji tədbirlər həyata keçirilib.

Bu barədə “Report”un sorğusuna cavab Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İdarədən bildirilib ki, keçən ay üzrə, yəni may ayında idarənin tabeçiliyində olan məktəblərdə şagirdlərin dərsə davamiyyəti yaxşı olub.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti ilə bağlı vəziyyəti öyrənmək məqsədilə monitorinqlər də keçirilir.

İdarədən o da əlavə edilib ki, dərsliklərin şagirdlərdən dərs ilinin sonuncu günündə yığılması nəzərdə tutulub.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, ümumtəhsil məktəblərində dərs ilinin müddətinin uzadılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə müvafiq dəyişikliklər edilib və buna uyğun olaraq, 2015/2016- cı dərs ilindən etibarən ölkənin ümumtəhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi