Yuxarı
    Bağlamaq

    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

    Mikayıl Cabbarov çıxışa başlayanda mətbuat nümayəndələri zaldan çıxarılıb və tədbir qapalı formada davam etdirilib
    © Report/ Elşən Baba

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 

    "Report" xəbər verir ki, konfransda təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər.

    Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

    İdarənin müdiri Məhəbbət Vəliyeva konfransda hesabat məruzəsi ilə çıxış edib. O, ötən dərs ilinin paytaxtın təhsil həyatında bir sıra uğurlarla yadda qaldığını bildirib, əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparıb və ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülən işlərə toxunub.

    M.Vəliyeva BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.

    Sonra 95 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev, 108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əzət Balayeva, 162 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunan Mahirə Əsədzadə çıxış ediblər.

    Bundan başqa, konfransda 2016-2017-ci tədris ili ərzində BŞTİ-nin əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub.

    Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb.

    Nazir çıxışa başlayanda mətbuat nümayəndələri zaldan çıxarılıb və tədbir qapalı formada davam etdirilib. 

    Konfransın sonunda ümumi təhsil müəssisələrinin qızıl və gümüş medal qazanan məzunlarına hədiyyələr təqdim ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi