Yuxarı

Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiqlənib

Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiqlənib
​Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2.3-cü, 8.2.4-cü (“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini Təhsil Nazirliyi həyata keçirir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Vergilər Nazirliyi “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Təhsil Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi