Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakı məktəblərində I sinfə qəbul prosesi davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, I sinfə qəbul olunmaqda gecikən uşaqlar üçün qeydiyyat oktyabrın 15-nə kimi aparılacaq.
Tədris ili başladıqdan sonra idarəyə I sinfə qəbulla bağlı valideynlər (və ya qanuni nümayəndələr) tərəfindən 410 müraciət daxil olub: "Bu günə olan məlumata əsasən, I sinfə qəbul üçün mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqların 36 354 nəfəri Azərbaycan bölməsi, 7 952 nəfəri rus bölməsində təhsil alır. I sinifdə təhsil alan şagirdlərdən 41 487 nəfəri 6 yaşı tamam olan, 2818 nəfəri isə 6 yaşı tamam olmayanlardır".
İdarədən bildirilib ki, lisey və gimnaziyaların I siniflərinə isə 2497 nəfər şagird qəbul olub. Onlardan 2156 nəfəri 6 yaşı tamam olan, 341 nəfəri 6 yaşı tamam olmayanlardır.