Bakı məktəbinin qeyri-adi sinif otağından - REPORTAJ

Bakı məktəbinin qeyri-adi sinif otağından - REPORTAJ Sinif otağı dairəvi və küncsüzdür
Elm və təhsil
3 Mart , 2017 15:44
Bakı məktəbinin qeyri-adi sinif otağından - REPORTAJ

Bakı. 3 mart. REPORT.AZ/ Hazırda uşaqlar vaxtlarının çox hissəsini məktəbdə keçirir. Uşaqların məktəbdə bilik qazanmaqla yanaşı, həmçinin fiziki sağlamlığı üçün də şərait olmalıdır. Ancaq ənənəvi təhsil sistemi ilə tədris aparılan məktəblərdə şagirdlərin fiziki aktivliyi az olur. Bunun nəticəsində də uşaqların səhhətində bəzi problemlər yaranır. Bu baxımdan Təhsil Nazirliyi yarana biləcək problemlərin qarşısını vaxtında almaq məqsədilə “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində "Sağlam təhsil sinif"ləri təsis edib. "Report"un əməkdaşları layihənin həyata keçirildiyi pilot məktəblərdən birinin fəaliyyəti ilə yaxından tanış olub.

Azərbaycana məxsus unikal model

Məktəblə tanış olmamışdan əvvəl “Sağlam təhsil - sağlam millət”in koordinatoru Nigar Şahhüseynbəyovadan həyata keçirdikləri layihə barədə məlumat aldıq. O bildirdi ki, uşaqlar üçün məktəb təhsil aldıqları yer olmaqla yanaşı, həmçinin sağlam böyüdükləri məkana çevrilməlidir: "Sağlam təhsil siniflərində tətbiq olunan texnologiyaların uşaqların sağlamlığına müsbət təsiri böyükdür. Bu cür şagirdlərdə fiziki inkişaf - onurğa əyriliyi, görmə qabiliyyətində problemlər, çəki artıqlığı, stress, təlim-tədris marağının zəif olması və s. çox az olur. Bu baxımdan layihənin həyata keçirilməsində əsas məqsəd fiziki və mənəvi cəhətdən sağlam, yüksək təlim və yaradıcılıq qabiliyyətinə malik proqressiv Azərbaycan vətəndaşı yetişdirməkdir". 

Məhz yuxarıda sadalanan sağlıq problemləri sağlam təhsil sisteminin yaranmasına zərurət yaradıb. Müsahibimiz deyir ki, oturaq həyat tərzi uşaqların normal inkişaf etməsinə və sağlam böyüməsinə mənfi təsir göstərən ən əsas səbəblərdəndir: "Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2007-2013-cü illərdə 14-17 yaşlı yeniyetmələr arasında xəstələnənlərin sayı 1,9 dəfə artıb. Ona görə də Azərbaycanda 2013-cü ildə Təhsil Nazirliyinin 11 dekabr tarixli 9.13 nömrəli əmrinə əsasən təhsilalanların sağlamlığının qorunması və təlim sahəsində təhsil texnologiyaları tətbiqi üzrə işçi qrup yaradılıb. Bundan sonra sağlam təhsil texnologiyalarının tətbiqinə başlanıb. Sağlam təhsil sistemi Azərbaycana məxsus unikal bir modeldir. Lakin texnologiyalar tətbiq olunarkən xarici təcrübə öyrənilib, xaricdən ekspertlər dəvət olunub, onların və yerli ekspertlərin müəyyən etdiyi səbəb və problemlərdən sonra "Sağlam təhsil sinfi" layihəsinə start verilib".

Boy ölçüləri ilə tənzimlənən partalar

Bundan sonra layihə haqqında öyrəndiklərimizin əyani şahidi olmaq üçün Bakı şəhərində yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə yollandıq. Böyük bir əraziyə malik olan təhsil müəssisəsinin ibtidai siniflər üçün olan korpusuna daxil olduq. Nəzarətçi bizi "Sağlam təhsil sinfi"nin otaqlarına getməyə köməklik etdi. Hər sinif otağının qapısında "Sağlam təhsil sinif"inin loqosu və həmin sinifin şagirdlərinin fotosu asılmışdı. Siniflər içərisinə daxil olmamışdan bizdə maraq doğurmağa başladı desək yanılmarıq. Siniflərdən birini seçib müəllimə Ellada Salamovadən içəriyə daxil olmaq üçün icazə aldıq. Otağa girər-girməz ənənəvi sinif otaqlarından fərqləndiyi diqqətimizi cəlb etdi. Sinifin aydınlığı və akustikası da çox gözəldir. Otağın işıqlandırılması təbii işığa yaxın, pərdə və divar rəngləri isə bir-biri ilə ahəng təşkil edirdi. Sinif qapısının yanında əlüzyuyan və uşaqların daima boy ölçülərinə nəzarət etmək üçün lent yerləşdiyini müşahidə etdik. Ellada müəllimə bunun çox böyük əhəmiyyət kəsb etdiyini bildirdi: "Şagirdlərin boylarının ölçülərini bilməklə onlara uyğun partaları tənzimləyirik. Bu, onların bel və boyun problemlərinin yaranmaması üçün çox vacibdir".

Küncsüz otaqlar

Sinif otağı dairəvi və küncsüzdür, divarlarında ağac, çiçək, bulud təsvirləri əks olunub. Ellada müəllimə bunun səbəbini bizə belə izah etdi: "Bu cür təsvirlər, otağın dördkünc olmaması uşaqların gözlərinin yorulmaması və özlərini qapalı, dar məkanda hiss etməməsi üçündür. Siniflərin belə dizayn olunması şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etməsinə, onların öyrənmə qabiliyyətinin inkişaf etməsinə səbəb olur. Onlar dərslərdə yorulmur və özlərini rahat hiss edirlər".

12 oturaq və 12 ayaqüstü parta 

Maraqlı burasındadır ki, bu sinif otaqlarında görməyə adət etdiyimiz partalara rast gəlmədik. Burada 12 oturaq və 12 ayaqüstü parta var idi. Bu siniflərdə parta sayına uyğun olaraq yalnız 24 şagird təhsil ala bilər. Nə bundan əskik, nə də bu saydan artıq olması mümkün deyil. 

Müəllimə deyir ki, partalar hər bir şagirdin boyuna uyğun tənzimlənir və yazı-oxu rejimi üçün mayilliyi təmin edir: "Sinifdə partaların maili olması şagirdlərin vizual dərketməsi baxımından əhəmiyyət kəsb edir. Məqsəd uşaqların tədris prosesindən irəli gələn hərəkət məhdudiyyətini aradan qaldırmaq və sağlamlığının qorunmasıdır".

Uşaqlar hər 15 dəqiqədən bir yerlərini dəyişirlər

Otağın divarlarında müxtəlif əşya, bitki və heyvan təsvirləri olan lampalar yerləşir. Biz bu lampaların hansı funksiyanı icra etdiyini sinif rəhbərindən soruşduq. Ellada müəllimə qeyd etdi ki, bu lampalar "Sağlam təhsil vaxt pultu" vasitəsilə yanıb sönür və bununla uşaqlar hər 15 dəqiqədən bir yerlərini dəyişirlər: "Yerdəyişmə prosesində şagirdlərə fikirlərini yayındırmaq və yorğunluqlarını aradan qaldırmaq üçün iki dəqiqəlik məşğələlər keçirilir. Bundan başqa, şagirdlər lampaların hansının işığının yanmasını cəld tapmalı və əl çalaraq onu bildirməlidir. Daha sonra uşaqlar yerdə qalan vaxtda tavanda yerləşən sxemləri əlləri ilə göstərməlidirlər".

Mikayıl Cabbarovun hədiyyəsi

Artıq 45 dəqiqəlik dərs vaxtı bitdi. Sinif və dərs metodikası bizi təəccübləndirdiyi kimi, tənəffüs zamanı uşaqların vaxtlarını dəyərləndirmələri də diqqətimizi cəlb etdi. Belə ki, uşaqların bir hissəsi yemək yeyir, digərləri oyun oynayır, oğlanların bəziləri isə sinifdə onlar üçün quraşdırılmış turnikdə müxtəlif idman hərəkətləri edirdilər. Otağın divarında olan güzgü marağımıza səbəb oldu. Müəllimənin sözlərinə görə, bu güzgü təhsil naziri Mikayıl Cabbarovun qız şagirdlərə hədiyyəsidir: "O, qızların “Azərbaycan xanımı” kimi böyüməsi üçün “sağlam təhsil sinif”lərinə bu hədiyyəni göndərib”.

I sinif şagirdi Jalə Paşayeva dərslərinin həm maraqlı, həm də əyləncəli keçdiyini söylədi: "Biz dərs zamanı hər 15 dəqiqədən bir yerimizi dəyişib, idman hərəkətləri etdiyimiz üçün yorulmuruq. Evə gedən kimi də həvəslə dərslərimi oxuyuram". 

Beləcə "Sağlam təhsil sinfi" ilə ilk tanışlığımızı başa vururuq və inanırıq ki, uşaqlarımızın sağlam yetişməsi üçün gələcəkdə bütün ölkə ərazisində belə bir təhsil sistemi tətbiq ediləcək. 

Fəridə Həsənli

Son xəbərlər

Orphus sistemi