Bakı Fransız Liseyində yeni imtahan mərkəzi açılıb

Bakı Fransız Liseyində yeni imtahan mərkəzi açılıb Fransa Milli Təhsil və Gənclər Nazirliyi 9-cu sinif şagirdlərinə şəhadətnamə verilməsi üçün Bakı Fransız Liseyində imtahan mərkəzinin açılmasına müsbət rəyini verib.
Elm və təhsil
12 Noyabr , 2019 12:18
Bakı Fransız Liseyində yeni imtahan mərkəzi açılıb

Fransa Milli Təhsil və Gənclər Nazirliyi 9-cu sinif şagirdlərinə şəhadətnamə verilməsi üçün Bakı Fransız Liseyində imtahan mərkəzinin açılmasına müsbət rəyini verib.

“Report” xəbər verir ki. bu günədək Azərbaycanda bu imtahanların keçirilməsi üçün imtahan mərkəzi olmadığından şagirdlər Gürcüstanda fəaliyyət göstərən Qafqaz Fransız Ekoluna (Məktəbinə) üz tuturdular.

Bu imtahanların keçirilməsi üçün Qafqaz üzrə mərkəz kimi Gürcüstan seçilmişdi. Yaranan çətinliklərin aradan qaldırılması və belə bir imtahan mərkəzinin Azərbaycanda da fəaliyyətinin təmin edilməsi məqsədi ilə artıq 2 il idi ki, BFL ilə Fransa Milli Təhsil və Gənclər Nazirliyi arasında danışıqlar aparılırdı. Fransız təhsil sisteminə əsasən 9-cu siniflərdə tədris ilinin sonunda yekun qiymətləndirmə imtahanı həyata keçirilir. Yazılı və şifahi olmaq üzrə bir neçə mərhələdə keçirilən imtahanların nəticələrinə əsasən şagirdlərə şəhadətnamə verilir. Fransa Milli Təhsil Nazirliyi tərəfindən verilən və DNB (Diplôme National du Brevet / Milli Şəhadətnamə Diplomu), kollecdə alınan dörd illik təhsil müddətində ümumi bilik və bacarıqların əldə edildiyini təsdiq edən göstəricidir (diplomdur).

Bu ildən etibarən BFL-in bütün şagirdləri, həmçinin Azərbaycanda yaşayan fransız təhsilli şagirdlər Bakı Fransız Liseyində imtahanlara qeydiyyatdan keçib, imtahanlarını Bakı Fransız Liseyində verə bilərlər. BFL-də təhsil almayan şagirdlər isə öncə Fransanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət işləri üzrə müşavirinə müraciət etməlidirlər. İmtahanların yoxlanması və qiymətləndirilməsi Strazburq Rektorluğu tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Bakı Fransız Liseyi Heydər Əliyev Fondunun təşəbbüsü və SOCAR-ın dəstəyi ilə təsis edilib. Liseyin binasının təməli 2011-ci ilin 7 oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bakıda səfərdə olan Fransanın sabiq prezidenti Nikola Sarkozi tərəfindən qoyulub. Liseyin inşaat dövründə buranı Fransanın prezidenti Fransua Olland ziyarət edib. 2014-cü ilin sentyabrında liseyin açılış mərasimində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Burada təlim-tədris üçün bütün şərait yaradılıb. Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. 

Son xəbərlər

Orphus sistemi