Yuxarı

Bakı Asiya Universitetinin bağlanmasının səbəbləri açıqlanıb

Prorektor: Son illərdə universitetdə təhsil alan tələbələrin sayı azalıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakı Asiya Universitetinin bağlanmasının səbəbləri açıqlanıb. Universitetinin tədris məsələləri üzrə prorektoru Rəhilə Nağıyeva "Report"a bildirib ki, ali məktəb fəaliyyətini müvəqqəti dayandırıb. 

Onun sözlərinə görə, Bakı Asiya Universitetinin növbəti dərs ilində fəaliyyətini bərpa etməsi və qapılarını tələbələrin üzünə açması mümkündür: "Universitetin dayanmasının ciddi səbəbləri yoxdur, bu müvəqqəti atılmış addımdır. Gələn tədris ilində Təhsil Nazirliyinə müraciət edib işimizi davam etdirə bilərik". 

Prorektor deyib ki, hazırda universitetin ümumilikdə 270 tələbəsi var: "Bütün tələbələr digər universitetlərdə təhsillərinin davam etdirəcək".

R.Nağıyeva bildirib ki, son illərdə universitetdə təhsil alan tələbələrin sayı azalıb və nəticədə bir sıra çətinliklər ortaya çıxıb. 

Xatırladaq ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Təhsil Nazirliyi tərəfindən Bakı Asiya Universitetinin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib. Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi