Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümü qeyd olunur

Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümü qeyd olunur Mərkəz 2007-ci ildə fəaliyyətə başlayıb
Elm və təhsil
3 İyun , 2017 16:33
Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümü qeyd olunur

Bakı. 3 iyun. REPORT.AZ/ Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş fəaliyyətlər çərçivəsində baş tutub.

Azərbaycan Dillər Universitetinin (ADU) həyətində keçirilən mərasimdə Bakı Amerika Mərkəzinin son on il ərzində həyata keçirdiyi fəaliyyətlərini əks etdirən fotolar, “Maker Space”in ("Yaradıcılıq Məkanı") fəaliyyətləri nümayiş olunub, qonaqlara dadlı təamlar təklif edilib və tanınmış musiqiçi Elçin Şirinovun qrupu konsert proqramı ilə çıxış edib. Eyni zamanda, səfir ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib. 

Qeyd edək ki, Bakı Amerika Mərkəzi Amerika mədəniyyəti, dəyərləri və ABŞ-ın təhsil sistemi haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımından səfirliyin həyata keçirdiyi ən səmərəli proqramlardan biridir. Mərkəz məktəb şagirdlərini, tələbələri, ABŞ-da təhsil almış məzunları, təhsil işçilərini, ingilis dili müəllimlərini və mədəniyyət sahəsində çalışanları bir araya gətirir. Fəaliyyət göstərdiyi on il ərzində Bakı Amerika Mərkəzi 5 mindən çox tədbir təşkil edib, 250 mindən çox iştirakçını qəbul edib və 500 stajçı və könüllünün bilik və bacarıqlarının inkişaf etməsinə kömək göstərib. Bakı Amerika Mərkəzi səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri və hazırda Vaşinqtonda Beynəlxalq İnformasiya Proqramları (BİP) koordinatorunun müavini vəzifəsini icra edən Conatan Henik və ADU-nun keçmiş rektoru, professor Səməd Seyidovun dəstəyi ilə 2007-ci ildə fəaliyyətə başlayıb. Tədbirdə C.Henikin əvvəlcədən yazılmış videomüraciəti də təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi