Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib

Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib "Mətbuat və ictimaiyyət BANM-in fəaliyyətinə hər zaman böyük diqqət və maraq göstərir"
Elm və təhsil
16 Aprel , 2015 12:18
Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rəsmi veb-səhifəsinin (www.bhos.edu.az) təqdimatı keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov bildirib ki, müasirləşən və qloballaşan dünyada internetin, informasiya texnologiyalarının, sosial şəbəkələrin, onlayn medianın, virtual mənbələrin bütün dünya ölkələrinin ictimai-siyasi və iqtisadi həyatının formalaşmasında mühüm rolu olduğu kimi, elm və təhsil müəssisələrinin veb-səhifələrinin ərsəyə gəlməsi də bu sahənin inkişafına, bu istiqamətdə beynəlxalq əlaqələrin genişlənməsinə, tədris proqramları və vəsaitlərin daha tez və asan əldə edilməsinə əlverişli şərait yaradır. Rektor həmçinin mətbuatın və ictimaiyyətin BANM-in fəaliyyətinə hər zaman böyük diqqət və maraq göstərməsini və müasir dövrdə bir çox məlumatların internet vasitəsilə əldə olunmasını qeyd edərək, bu baxımdan Ali Məktəbin də veb-səhifəsinin yaradılmasına zəruriyyət yarandığını deyib. O, BANM-in fəaliyyəti və ən son xəbərləri haqqında ətraflı məlumat əldə etmək istəyənlərin artıq Ali Məktəbin rəsmi səhifəsindən faydalana biləcəyini vurğulayıb.

Sonra BANM-in Elektron-tədris şöbəsinin rəisi Şərif Xurşudov BANM-in rəsmi saytını təqdim edib və saytın tərtibatı, məzmunu, imkanları, istifadə qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Təqdimatda bildirilib ki, rəsmi saytda BANM-in fəaliyyəti ilə yanaşı, Ali Məktəbdə keçirilən tədbirlər, struktur və akademik bölmələr, tələbə həyatı, statistik məlumatlar, beynəlxalq əlaqələr, yerli və xarici qonaqlar haqqında geniş məlumat yerləşdirilib. Əcnəbilərin BANM haqqında məlumat əldə etməsi üçün sayt Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyət göstərir. Bundan başqa, gələcəkdə nəzərdə tutulan tədbir, seminar, konfrans və digər yeniliklər haqqında məlumat əldə etmək üçün saytda xüsusi "Təqvim" bölməsi yaradılıb. Ş.Xurşudov ictimaiyyətlə yanaşı, BANM-in tələbələrinin və onların valideynlərinin də veb-səhifədən səmərəli yararlanması üçün xüsusi şifrə və kod verildiyini qeyd edib. O, bu texnologiyanın valideyn və tələbənin dərsə davamiyyətinə nəzarət etməsi və imtahanın nəticələri haqqında operativ məlumat əldə etməsi üçün xüsusi imkan yaradacağını vurğulayıb. Ş.Xurşudov həmçinin saytda tələbələrin akademik və sosial fəaliyyətlərini əks etdirən video və fotoşəkilli məlumatların olduğunu qeyd edib.

Tədbirin sonunda professor-müəllim heyətinin və tələbələrin BANM-in yeni rəsmi veb-səhifəsi ilə bağlı sualları cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi