Bakı Ali Neft Məktəbində “Şotlandiya günü” keçirilib

Bakı Ali Neft Məktəbində “Şotlandiya günü” keçirilib Mayın 28-də də Heriot-Vatt Universitetində “Azərbaycan günü” keçiriləcək
Elm və təhsil
30 Yanvar , 2017 10:50
Bakı Ali Neft Məktəbində “Şotlandiya günü” keçirilib

Bakı 30 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) məşhur şotland lirik şairi Robert Börnzün anadan olmasının 258-ci ildönümünə həsr olunmuş “Şotlandiya Günü” kecirilib.

BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə SOCAR-ın, diplomatik nümayəndəliklərin və müxtəlif beynəlxalq şirkətlərin rəsmiləri iştirak ediblər.

Şotland milli musiqiləri və rəqsləri nümayiş olunub, Ali Məktəbin tələbələrinin ifasında şeirlər və musiqi parçaları səsləndirilib.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə BANM-in rektoru Elmar Qasımov açaraq Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişafından danışıb. Rektor qeyd edib ki, Şotlandiyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq müqaviləsinə görə, Bakı Ali Neft Məktəbində “Şotlandiya günü” keçirilir, mayın 28-də isə Heriot-Vatt Universitetində “Azərbaycan günü” keçiriləcək. Robert Börnz haqqında söz açaraq E.Qasımov şotland şairin yaradıcılığından danışıb. “Börnz şeir yazarkən Şotlandiya xalq yaradıcılığı ənənələrini, qədim xalq mahnılarındakı motivləri əsas götürürdü, bu isə onun şeirlərinin xalq arasında sürətlə yayılmasına səbəb olurdu. Börnzün şeirləri o qədər ahəngdar və xalq ruhuna yaxın idi ki, onlar çox asanlıqla mahnıya çevrilirdi ”, - deyə, rektor qeyd edib. Rektor çıxışında onu da vurğulayıb ki, hər bir milləti birləşdirən tarixi kökləri, milli-mənəvi dəyərləri, milli mədəniyyəti, incəsənəti, musiqisı, şeirləri, mahnıları, xalqa mənsub olan adət-ənənələrdir.

Birləşmiş Krallığın Azərbaycandakı səfirinin köməkçisi Stefan Mak Kormik cıxış edərək Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrdən söz acıb. S. MakKormik bildirib ki, iki ölkə arasında möhkəm ikitərəfli münasibətlər var.

Daha sonra BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin Azəri-Çıraq-Günəşli qlobal layihələri üzrə vitse-prezidenti Kəsl Kelli və British Council-ın Azərbaycan nümayəndəliyinin Təhsil və cəmiyyətlə iş üzrə meneceri Nərgiz Hüseynova çıxış ediblər. Çıxışçılar tədbirin keçirilməsinin əhəmiyyətindən söz acaraq, belə tədbirlərin Ali Məktəbin tələbələrinin milli ruhda təlim-tərbiyəsində vacib vasitə olduğunu bildiriblər.

Tədbirin bədii hissəsi Şotlandiya haqqında tanıtım filminin nümayişi ilə başlayıb. Ali Məktəbin tələbələri Nərmin Baxışlı və Qurban Həsənov Robert Börnzun “Əlvida” və “Qırmızı qızılgül” şeirlərini ifa ediblər. Tələbələr Lalə Məmmədova, Fidan Quliyeva və Aytac İsgəndərova şotland mahnısı ifa etdilər. Kaledoniya cəmiyyətinin nümayəndələrinin ifasında milli şotland rəqsi və cəmiyyətin nümayəndəsi İnnes Muarın ifasında şotland milli musiqi aləti olan tuluq zurnasında musiqi parçası ifa olunub.

Qeyd edək ki, məşhur şotland lirik şairi Robert Börnz 25 yanvar 1759-cu ildə anadan olub. 21 iyul 1796-cı ildə vəfatından sonra Şotlandiya xalqı öz milli şairini böyük məhəbbətlə anır və hər il onun şərəfinə ad günü keçirir.

Xatırladaq ki, Şotlandiyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında iki diplom layihəsi çərçivəsində mütəxəssis hazırlığı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində Ali Məktəbdə bakalavriat səviyyəsində “Neft-qaz mühəndisliyi “ və “Kimya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir. 2017-ci ildə bu proqramlar üzrə məzunların ilk buraxılışı olacaq və sözügedən ixtisaslar üzrə Heriot Vatt Universitetinin təklif etdiyi proqramlar əsasında iki diplom layihəsi çərçivəsində BANM-də magistr hazırlığına başlanacaq. Hər iki universitet arasında olan razılaşmaya görə, mayın 28-də də Heriot-Vatt Universitetində “Azərbaycan günü” keçiriləcək.

Son xəbərlər

Orphus sistemi