Bakı Ali Neft Məktəbində “Məzun Günü” keçirilib

Bakı Ali Neft Məktəbində “Məzun Günü” keçirilib Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakı Ali Neft Məktəbində tələbələrin “Məzun Günü” keçirilib.
Elm və təhsil
28 İyun , 2018 11:34
Bakı Ali Neft Məktəbində “Məzun Günü” keçirilib
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakı Ali Neft Məktəbində tələbələrin “Məzun Günü” keçirilib.

“Report” xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərləri, BANM-in rektoru Elmar Qasımov və Ali Məktəbin professor-müəllim heyəti, Azərbaycanda fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar və onların valideynlərı iştirak ediblər. SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev bildirib ki, müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyenləri Bakı Ali Neft Məktəbini seçməyə həvəsləndirir:“Möhtərəm Prezidentimiz 2011-ci ildə qarşımıza yüksək texnoloji biliklərə sahib olan ingilisdilli neftçi mütəxəssislər hazırlayacaq müasir təhsil sistemi ilə təchiz olunmuş ali məktəbin Azərbaycanda yaradılması kimi şərəfli bir vəzifə qoydu. Çəkilən zəhmətin bəhrələrini görmək bizi sevindirir”.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq məzunları və onların yaxınlarını bu əlamətdar gün münasibətilə təbrik edib: “Əminəm ki, bu gün məzun olan tələblərimiz də keçən ilki məzunlarımız kimi Bakı Ali Neft Məktəbini və doğma Azərbaycanı yerli və transmilli şirkətlərdə, eləcə də dünyanın aparıcı universitetlərində layiqincə təmsil edəcəklər. Ötən il BANM iki ixtisas üzrə məzun buraxılışı həyata keçiribsə, bu il artıq üç ixtisas üzrə məzunlarını yola salır. Yeni dərs ilindən isə biz bakalavr pilləsi üzrə yeni ixtisasın tədrisinə başlayırıq. Biz bu gün böyük qürur hissi ilə deyə bilirik ki, Ali Məktəbimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarını rəhbər tutaraq dinamik inkişaf edir”. Tədbirdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, 2012-ci ildən BANM ilə əməkdaşlıq edən Böyük Britaniyanın Heriot Vatt Universitetinin prorektoru, professor Culian Counz məzunları təbrik edib. Ali Məktəbin məzunları onların gənc mütəxəssis kimi yetişmələrində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan fədakar müəllimlərinə minnətdarlıq hisslərini çatdırıblar. Qeyd olunub ki, BANM-ın ötən ilki ilk məzunlarının hamısı işlə təmin olunub və bu gün həmin məzunlar SOCAR-ın müxtəlif müəssisələrində, Türkiyədə STAR Neft Emalı Zavodunda, BP, “Halliburton”, “Maire Tecnimont” və s. kimi şirkətlərdə öz vəzifələrini böyük məsuliyətlə yerinə yetirirlər. Tədbirdə Bakı Ali Neft Məktəbi layihəsinin əsas icraçılarından olan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 60 illik yubileyi münasibəti ilə təbrik edildi. Öz növbəsində X.Məmmədov belə bir möhtəşəm layihənin kerçəkləşdirilməsində yer aldığına görə qürur hissi keçirdiyini bildirdi və onu təbrik edənlərin hər birinə minnətdarlığını çatdırdı. Tədbirin sonunda mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib. Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. Məktəb Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib. 

Son xəbərlər

Orphus sistemi