Yuxarı

Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul davam edir

Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul davam edir

Bakı. 11 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 2018-ci ilin sentyabr ayından başlayaraq “Biznesin idarə edilməsi” (MBA - Master of Business Administration) ixtisası üzrə magistratura proqramının tədrisi həyata keçiriləcək.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə hazırda Ali Məktəbə MBA ixtisası üzrə qəbul davam edir.

BANM-ın MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali Məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə tam cavab verəcək. Proqram öz tələbələrinə rəqabətə davamlı karyera imkanları, əlverişli dərs qrafiki, adakemik mükəmməllik, geniş profesional biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər əldə etmək imkanı verəcək.

Ali Məktəbin MBA proqramında Strateji idarəetmə, Maliyyənin idarə olunması, Marketinq konsepsiyaları, Menecerlər üçün mühasibat, İnformasiya Texnologiyalarının idarə olunması, Kapital qoyuluşu və Maliyyə strategiyaları və digər önəmli fənlərin tədrisi nəzərdə tutulub. BANM həmçinin MBA ixtisasında təhsil alacaq tələbələri üçün müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etmək və əldə olunan bilik və bacarıqları tətbiq etmək imkanı yaradacaq.

Bakı Ali Neft Məktəbində MBA təhsili almağın daha bir üstünlüyü ondan ibarətdir ki, proqramı tədris edən şəxslər SOCAR və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi