Yuxarı
    Bağlamaq

    Bakı Ali Neft Məktəbində Layihələrin İdarəedilməsi Məktəbinin növbəti təlimi keçirilib

    Tədbirə SOCAR, BP və BANM-in rəhbərliyi, professor-müəllim heyəti, SPM-in iştirakçıları qatılıblar
    © BANM

    Bakı. 3 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) BP və onun tərəfdaşları, o cümlədən layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan "TwentyEighty Strategy Execution" şirkəti və Ali Məktəbin birgə layihəsi olan Layihələrin İdarəedilməsi Məktəbinin (SPM) növbəti qrupunun təlimlərinin açılış mərasimi keçirilib. 

    Ali məktəbdən "Report"a verilən məlumata görə, tədbirə SOCAR, BP və BANM-in rəhbərliyi, professor-müəllim heyəti, SPM-in iştirakçıları qatılıblar.

    BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq, SPM-in may ayından başlayaraq birinci qrupun təlimlərinin keçirilməsindən və qrup üzvlərinin imtahanlardan çox yüksək nəticələr əldə etməsindən danışıb. Rektor həmçinin BANM-in tələbələrinin uğurlarından söhbət açaraq, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan Riyad Muradovun dünyanın ən yaxşı 2-ci universiteti - Stanford Universitetinin (ABŞ) magistratura pilləsinə təqaüd qazanmaqla daxil olmasından, BANM-in tələbələrinin Petkim, BP və digər şirkətlərə işə cəlb olunmalarından söhbət açıb.

    SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu cür layihələrin gələcək kadrların yetişdirilməsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

    BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin uğurla davam etməsindən məmnun qaldığını, layihələrin artdığı bir dövrdə bu sahənin xüsusi inkişafından və əhəmiyyətindən söz açıb.

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli təhsilin hər bir yaş dövründə xüsusi əhəmiyyət kəsb etdiyini söyləyərəm, bu cür beynəlxalq təlim proqramının BANM-də fəaliyyət göstərməsinin böyük uğur olduğunu bildirib. 

    “TwentyEighty Strategy Execution” şirkətindən xüsusi olaraq təlimləri aparmaq üçün dəvət olunan, bank işi, informasiya texnologiyaları, inşaat və pərakəndə satış kimi sahələrdə layihə idarəedilməsi üzrə 20 ildən artıq iş təcrübəsinə malik olan Con Pelham Bakıda olmasından və təlimləri aparacağından böyük məmnunluq hissi duyduğunu bildirib.

    Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədi ilə təsis edilib. Twenty Eighty şirkətinin texniki dəstəyi və yerli tərəfdaşla birgə həyata keçirilən proqram 7 moduldan ibarətdir və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Başlandığı gündən etibarən proqramda 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis iştirak edib. BANM-in dəstəyi ilə proqramın 4-cü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdə 52 mütəxəssisə təlim keçiriləcək və daha sonra BANM proqramı müstəqil tədris səlahiyyətini əldə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi