Yuxarı

Bakı Ali Neft Məktəbində Gənclər Günü qeyd olunub

Ali Məktəbin 291 tələbəsi idman, elm və ictimai-təşkilati işlərdə göstərdikləri fəalliyyətə görə mükafatlandırılıblar

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq, Ali Məktəbin tələbələrini təbrik edib, onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini ünvanladığını deyib: "Azərbaycanda gənclərə qayğı dövlət səviyyəsində həyata keçirilən istiqamətlərdən biridir". 

O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla davam etdirilən “Gənclər siyasəti”nin əhəmiyyətindən danışaraq vurğulayıb ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb və gündən-günə bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir: "Azərbaycan gəncliyinin inkişafı, istedadlı, bilikli gənc kadrların yetişdirilməsi üçün gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük önəm verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli sərəncamına əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq olunub və bu proqram sayəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təmin olunub. 26 yanvar 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası"nı təsdiqləyən sərəncam imzalanıb. Bütün bu görülən işlər Azərbaycan gəncliyinin inkişafına yönəlib və gənclər daima dövlətimizin qayğı və diqqəti ilə əhatə olunub.

E.Qasımov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, bu müddət ərzində əldə olunan nailiyyətlərindən bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Ali Məktəbin əsas məqsədi də ölkədə yüksək ixtisaslı, ingilis dilli, peşəkar və dünya səviyyəli mühəndislər yetişdirmək olduğunu xatırladıb: "Qısa müddət ərzində bir sıra mühüm işlər görülüb və BANM-nin fəaliyyəti bu istiqamətdə qurulub. BANM-nin iki tələbəsi bu ilin əvvəlində Böyük Britaniyanın Heriot-Vatt Universitetinə göndərilib. Azərbaycanın insan potensialının bünövrəsi olan gənclərin inkişafı üçün hər cür şərait yaradılıb, hər bir gənc bu imkanlardan maksimum bəhrələnməlidir. Məhz bu cür ali təhsil ocağının ölkəmizdə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir". 

Rektor gənclərin BANM-dəki sosial-mədəni həyatı haqqında danışaraq, hərtərəfli və savadlı gənclərin gələcəkdə yüksək səviyyəli peşəkar kadrlara çevriləcəyinə əminliyini ifadə edib: "Tələbələri Gənclər Günü münasibətilə bir daha təbrik edir, onlara həm təhsildə, həm də ictimai fəaliyyətdə uğurlar arzulayıram". 

Hazırda Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil alan BANM-nin tələbələri Aida Soltanova və Kamran Əliyev videogörüntü vasitəsilə Ali Məktəbin bütün tələbələrini, o cümlədən öz qrup yoldaşlarını təbrik edərək Azərbaycan gənclərinə öz salamlarını çatdırıblar.

Sonra Bakı Ali Neft Məktəbinin fəaliyyətində yaxından iştirak edən, BANM-ni müxtəlif tədbir, müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbə gənclərin mükafatlandırılması mərasimi olub. BANM rəhbərliyi tərəfindən tədris ili ərzində fəallıq göstərən tələbələr, BANM-də keçirilən müxtəlif daxili intellektual və əyləncəli turnirlərin, III Elmi-texniki konfransın, Şahmat turnirinin, o cümlədən təlim kurslarının, həmçinin müxtəlif daxili müsabiqələrin, respublika üzrə keçirilən bir sıra çempionatlarda fəal iştirak etmiş komandaların üzvləri, layiqli BANM təmsiçiləri həvəsləndirici diplomlarla, sertifikatlarla və hədiyyələrlə təltif olunublar. Tələbələrə idman, elm və ictimai fəallığa görə müxtəlif diplom, sertifikat və hədiyyələr təqdim olunub. Bakı Ali Neft Məktəbinin 21 tələbəsi idman, 30 tələbəsi elm sahəsində, 241 tələbə isə ictimai-təşkilati işlərdə göstərdikləri fəalliyyətə görə mükafatlandırılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi