Bakı Ali Neft Məktəbində əfqan tələbələr təhsil alacaq

Bakı Ali Neft Məktəbində əfqan tələbələr təhsil alacaq Bu qərar BANM-in rektoru Elmar Qasımov və Əfqanistanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili arasında baş tutan görüşdə qəbul edilib
Elm və təhsil
3 Noyabr , 2015 10:49
Bakı Ali Neft Məktəbində əfqan tələbələr təhsil alacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) əfqan tələbələr təhsil alacaq. Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, bu qərar BANM-in rektoru Elmar Qasımov və Əfqanistanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili arasında baş tutan görüşdə qəbul edilib. 

Rektor Elmar Qasımov qonağa BANM-in yaranma tarixi haqqında danışıb. O bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. 

O, həmçinin əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifini bildirərək, əfqan xalqı üçün mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə səfiri bu istiqamətdə əməkdaşlığa dəstək verməyə çağırıb. Elmar Qasımov BANM-in yeni tədris ilində əfqan tələbələri qəbul etməyə hazır olduğunu bildirib.

Səfir Məhəmməd Tağı Xəlili Prezident İlham Əliyevin ölkəsinə göstərdiyi davamlı dəstəyini diqqətə çatdırıb: "20 il əvvəl Azərbaycanda olmuşam və sizin xalqın mehriban dostlugunu həmişə xatırlayıram. Bu səfərimdə Azərbaycanın hökumət nümayəndələri ilə bir sıra görüşlər keçirdik. Həmçinin, SOCAR rəhbəriliyi ilə görüşdük. Bütün görüşlərin müzakirəsində təhsil gündəmdə olub. Əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifi də yüksək qiymətləndirirəm. Bu istiqamətdə hərtərəfli dəstək verməyə hazırıq". 

Görüşdə eyni zamanda, qarşılıqlı əməkdaşlıq, o cümlədən tələbə mübadiləsi və təqaüd proqramının həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi