Yuxarı

Bakı Ali Neft Məktəbində 2015-2016-cı tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

Tədbirdə Rövnəq Abbullayev, Məleykə Abbaszadə, Qordon Birrel və digər rəhbər şəxslər iştirak edib

Bakı. 14 sentyabr. REPORT. AZ/ Bu gün Bakı Ali Neft Məktəbində (BANM) 2015-2016-cı tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib. “Report” xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abbullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrel və digər rəhbər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, bu il TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Ali Məktəbə 120 qəbul yeri üzrə bütün yerlər tutulub: “Məktəb üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu il üçün I qrup üzrə keçirilən test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə daxil olub. Bu abituriyentlər Qubadlı, Bərdə və Bakı məktəblərinin məzunlarıdır. Ali Məktəbə qəbul olan abituriyentlərdən 10 nəfəri orta məktəbi qızıl, 2-si gümüş medalla bitirib”.

SOCAR prezidenti Rövnəq Abdullayev isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbin qısa müddət ərzində infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görülüb və bunun nəticəsində yüksək nailiyyətlər əldə edilib: “Hər il olduğu kimi, 2014-2015-ci tədris ilində Ali Məktəbin fəaliyyəti aktiv olub. Beynəlxalq şirkətlərlə yeni əməkdaşlıqlara başlamaqla, tədrisin yüksək səviyyədə aparılması üçün müasir texnologiyaların tədbiqini genişləndirməklə və digər yüksək göstəriciləri ilə yeni uğurlara imza atıb”.

R.Abdullayev BANM-də 2015-2016-cı tədris ilində də aparılan işlərin davam etdiriləcəyinə, fəaliyyətinin daha da genişlənəcəyinə, bu yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını bildirib.

Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə də çıxış edib. O, I qrupa tələbə axınının daha çox müşahidə olunduğunu bildirib: “30 mindən çox tələbə imtahan verib. Neft ixtisasları ilə bağlı aparılan təhlillər göstərir ki, 1994-cü ildə 200-ə yaxın yer vakant olurdusa, indi 30 mindən çox abituriyent məhz texniki sahəni seçir. Bu yaxınlarda prezident təqaüdü üçün tələbələrin siyahısı dövlət başçısına təqdim olunub. I qrupda 690-dan yuxarı bal topayan bütün abituriyentlər namizəd kimi irəli sürülüb. Bu da təxminən 25 nəfərdir”.

Sonda qonaqlar BANM-də tələbə adını qazanan tələbələrə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbokları təqdim ediblər. Eyni zamanda, ötən tədris ilində müxtəlif uğurları ilə seçilən tələbələrə sertifikatlar və fəxri diplomlar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi