Yuxarı

Bakı Ali Neft Məktəbi və BP-nin birgə layihəsinin növbəti buraxılışı olub

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) və BP Azərbaycanın yerli mühəndislərin inkişafına töhfə olaraq birlikdə həyata keçirdikləri “Mühəndislər üçün biznes təhsili” layihəsinin bağlanış mərasimi keçirilib.

BANM-dən "Report"a verilən məlumata görə, mərasimdə BANM-ın rektoru Elmar Qasımov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP şirkətinin məsul əməkdaşları, layihənin iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Proqram Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması məqsədilə həyata keçirilib.

Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” proqramı innovativ təhsil layihəsi olaraq gənc mühəndislərin sosial bilik və bacarıqlarının formalaşmasında öz töhfəsini vermiş olacaq. Rektor biliyin paylaşılmasının bariz nümunəsi olan bu layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə BP şirkətinə öz təşəkkürünü bildirib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışı zamanı Azərbaycanın uzunmüddətli tərəfdaşı olan BP şirkəti üçün sosial sərmayələr arasında təhsil sahəsinin hər zaman önəmli olduğunu vurğulayıb. O yüksək texniki biliklərə sahib olan gənclərin çox zaman sosial bacarıqlara ehtiyyacı olduğunu və bu proqramın həmin tələbələrin karyerasında böyük önəmi olacağını bildirib.

Tədbirdə həmçinin proqramın bir neçə iştirakçısı çıxış edərək tədris olunan modulların yeni sosial biliklərin əldə edilməsində olan rolundan danışıb və təşkilatçılara təşəkkürlərini bildiriblər.

Daha sonra proqramı uğurla başa vuran 56 iştirakçıya sertifikatlar təqdim edilib. Tədbirdə həmçinin ən yaxşı üç təlimçiyə sertifikat verilib.

Layihədə BANM-ın tələbələrilə yanaşı ADNSU, UFAZ, BMU və digər universitetlərin tələbələri iştirak ediblər.

Qeyd edək ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçılarına “Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə olunması kimi modullar tədris edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi