​Bakı Ali Neft Məktəbi Malayziya ilə əlaqələr yaradır

​Bakı Ali Neft Məktəbi Malayziya ilə əlaqələr yaradır Malayziya səfiri Roslan Abdul Rahman Bakı Ali Neft Məktəbində olub
Elm və təhsil
30 İyun , 2016 12:50
​Bakı Ali Neft Məktəbi Malayziya ilə əlaqələr yaradır

Bakı. 30 iyun. REPORT.AZ/ Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və professor-müəllim heyəti ilə görüşüb.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Rektor Elmar Qasımov BANM haqqında geniş məlumat verərək, iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edib və təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusilə vurğulayıb. Hər iki ölkənin ortaq dəyərlərinin mövcudluğunu vurğulayan rektor xüsusilə ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. Neft-qaz, kimya, avtomatika və digər müvafiq sahələrdə yerli və beynəlxalq əmək bazarının ən müasir tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığında Ali Məktəbin rolunu qeyd edən rektor tələbələr üçün nəzəri biliklərlə yanaşı, praktik təcrübənin də əhəmiyyətini vurğulayaraq bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin tələbələr üçün yaratdığı təcrübə imkanlarından bəhs edib. O, Malayziyanın Azərbaycanda fəaliyyət göstərən "Petronas" şirkətinin də bu sahədə mühüm töhfə verə biləcəyini bildirib. E.Qasımov bir çox digər sahələrlə yanaşı, xüsusilə informasiya-kommunikasiya texnologiyaları və kompüter mühəndisliyi sahələrində Malayziya Elm və Texnologiya Universiteti və Petronas Texnologiya Universiteti ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını deyib. Rektor həmçinin BANM-in artıq əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək, malayziyalı tələbələrin Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Səfir Roslan Abdul Rahman Ali Məktəbdə olmasından məmnunluğunu ifadə edərək səmimi qəbula görə rektora minnətdarlığını bildirib. Malayziya və Azərbaycan arasında xüsusilə, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların olduğunu və səfirliyin ikitərəfli münasibətlərin qurulması istiqamətində hərtərəfli dəstək göstərəcəyini deyib.

Səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi