Bakı Ali Neft Məktəbi İBM şirkəti ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi İBM şirkəti ilə əməkdaşlıq edəcək Rektor Elmar Qasımov İBM şirkətinin rəsmiləri ilə görüşüb
Elm və təhsil
29 May , 2015 11:38
Bakı Ali Neft Məktəbi İBM şirkəti ilə əməkdaşlıq edəcək

Bakı. 29 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros, İBM şirkətinin Azərbaycan üzrə rəhbəri İlya Kravtsov və İBM şirkətinin əməkdaşı Bahadur İbrahimovla görüşüb. Ali Neft Məktəbinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Qasımov rəhbərlik etdiyi Ali Məktəb haqqında geniş məlumat verərək, onun fəaliyyət istiqamətlərindən söz açıb. 

O, bildirib ki, BANM-də təhsil ingilis dilindədir və bu ali təhsil müəssisəsinə qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlər daxil olurlar. E.Qasımov Bakı Ali Neft Məktəbində tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. O, BANM-dəki ixtisaslar haqda da məlumat verərək, Ali Məktəbin məzunlarının gələcəkdə beynəlxalq və yerli neft-qaz şirkətlərində yüksək ixtisaslı mütəxəssis kimi karyera quracaqlarına əminliyini bildirib.

Bakı Ali Neft Məktəbinin tələbələrinin bp, Statoil, Emerson, Total və digər bu kimi transmilli şirkətlərdə yay istehsalat təcrübəsi keçdiklərini bildirərən, E.Qasımov həmin şirkətlərin mütəxəssislərinin də BANM-də tədris prosesinə cəlb olunduqlarını vurğulayıb.

Rektor BANM-də Tələbə Elmi Cəmiyyətinin konfranslarında şirkətlərin yaxından iştirak etdiyini, bu kimi fəaliyyətə dəstək verdiyini və həvəsləndirici hədiyyələr təqdim etdiyini də bildirib. E.Qasımov İBM şirkəti ilə gələcək əməkdaşlıq üçün BANM-də hər cür imkanların mövcud olduğunu deyib.

İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros səmimi qəbula görə minnətdarlığını bildirib. O. təmsil etdiyi şirkət haqda məlumat verib.Devid La Ros Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu və əlaqələrin yaradılmasında maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi