Yuxarı
    Bağlamaq

    STAR-ın əməkdaşları: “Bakı Ali Neft Məktəbi bizim həyatımızda yeni səhifə açdı”

    Bu təhsil müəssisəsinin region üzrə analoqu yoxdur
    © BANM

    Bakı. 2 avqust. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) 25 məzunu "SOCAR Turkey Energy" şirkətinin "STAR Refinery" müəssisəsində işləyəcək. "Report"un məlumatına görə, BANM-in işçisi onlara "Bakı Ali Neft Məktəbi sizlərə nə verdi" sualını ünvanlayaraq fikirlərini öyrənib. 

    Aygül Kərimova: “Bakı Ali Neft Məktəbi mənim həyatımda yeni bir səhifə açdı. Mühəndis olmaq mənim uşaqlıq arzum idi. Bəlkə də bu ali məktəb olmasaydı, mən indi tamamilə başqa, heç də həvəsli olmadığım bir sahəni seçərdim. Məhz BANM sayəsində bu gün öz sevdiyim peşəyə yiyələnmişəm. BANM mənə təkcə öz ixtisasımı deyil, həm də mübariz olmağı, öz ayaqlarımın üzərində durmağı və həyatda arzularla deyil məqsədlərlə yaşamağı öyrətdi. Məhz burada mən hər zaman yanımda olacaq və yanlarında olacağım dəyərli dostlar qazandım. Bu ali məktəbin ilk məzunları olduğumdan özümü çox xoşbəxt hiss edirəm”.

    Eldar Hüseynli: “Tələbə olmağa hazırlaşanda mənə güclü təhsil verəcək bir ali məktəbdə təhsil almaq ən böyük arzum idi. Mən Bakı Ali Neft Məktəbini seçdim və arzularımı burada gerçəkləşdirdim. Hətta əminliklə deyə bilərəm ki, bu təhsil müəssisəsinin region üzrə analoqu yoxdur. Bakı Ali Neft Məktəbi məni özümə kəşf etdirdi və daxilimdəki potensialın şəxsi inkişafımda sərf olunması üçün münbit şərait yaratdı. Savadlı və qayğıkeş müəllim kontingenti hədəflərimizə çatmaqda əvəzsiz rol oynadılar. İdarə heyətinin diqqəti və qayğısı, təhsilə olan marağın daha da artırılması üçün verilən həvəsləndirici və dəyərli hədiyyələr, nəzəri biliklərimizin praktiki olaraq tətbiqi üçün təşkil olunan ödənişli istehsalat təcrübələri yalnız Bakı Ali Neft Məktəbində mövcuddur. Xarici təhsil proqramı və təhsilin ingilis dilində olması bizi dünya standartlarına cavab verəcək bir mütəxəssis kimi yetişdirdi”.

    Aynaz Mirzəzadə: “BANM-də oxuduğum 5 il mənim bir şəxsiyyət olaraq formalaşmağımda, hər gün inkişaf etməyimdə, savadım, dünyagörüşüm və milli dəyərlərə bağlılığımın artmasında əvəzolunmaz rol oynadı. Birinci kursda təşkil elədiyimiz Novruz bayramı, Musiqili Xəmsədə qızıl medalımız heç zaman yadımdan çıxmayacaq xatirələrdir. Bir də ən önəmlisi qazandığım möhkəm dostluqlardır ki, bunun üçün çox-çox minnətdaram. Asan olmayan bu yolda məni yönləndirən, dəstək olan hər bir şəxsə borcluyam. Azərbaycanın və gələcəkdə dünyanın ən yaxşı ali məktəblərindən olacaq BANM-in ilk məzunları sırasında olmaqdan qürur duyuram”.

    Adil Babayev: “Akademik təhsilimə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasında başladığımdan bəri BANM-in mənə ixtisasım üzrə praktik-nəzəri biliklər qazandırması ilə yanaşı, düzgün dostluq münasibətləri qurmaqda və müxtəlif sosial fəaliyyətlərlə özümü daha da inkişaf etdirməkdə rolu çox böyük olub. Professor və müəllim heyəti hər zaman düzgün istiqamət verərək dərs proqramında üzləşdiyim çətinlikləri həll etməkdə öz köməyini əsirgəməyib. Həmçinin, müxtəlif istiqamətlərdə təcrübələrinin olduğu qonaqların ali məktəbimizə təqdimatlar, səmimi söhbətlər aparmaq üçün dəvət olunması həm gələcək karyerama, həm də həyata dair fikirlərimin formalaşmasında faydalı olub”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi