Yuxarı
    Bağlamaq

    AzMİU-da “Bilik günü” qeyd olunub

    Gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bilik günü münasibətilə tədbir keçirilib.

    Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət himnilə açılan tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edib.

    Tələbələri, professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edən rektor ölkə prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan danışıb. Rektor bu ilki qəbul prosesinə toxunaraq yüksək balla universitetə daxil olub tələbə adını qazanan abituriyentləri də təbrik edib. O qeyd edib ki, 2017/2018-ci tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ali təhsilin bakalavriat səviyyəsində 8 fakültəsinə 25 ixtisas üzrə 1725 plan yeri ayrılıb. Bu yer üzrə 1607 nəfər abituriyent qəbul olaraq tələbə adını qazanıb: “Onlardan 555 nəfəri dövlət sifarişi, 1052 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Göründüyü kimi, bu il AzMİU-nu seçən abituriyentərin sayı keçən illərlə müqayisədə daha da artıb. Keçən il universitetin qəbul planı 84 %, bu il isə 93,2% yerinə yetirilib. Qəbul imtahanında ən yüksək bal toplayan Mətanət Qurbanova 650 balla Memarlıq fakültəsinin ingilis dilli qrupuna daxil olub. 500 baldan yüksək yığan 40 nəfər də AzMİU-nu seçib. AzMİU-nun magistratura pilləsində də qəbul göstəriciləri yüksək olan 220 bakalavr magistr adını qazanıb".

    AzMİU-nun keçmiş məzunu, millət vəkili Aydın Mirzəzadə tələbələri dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar diləyib.

    Bu il birinci kursa qəbul olunan tələbələr də tədbirdə çıxış ediblər, qazandıqları uğurlara görə təhsil aldıqları təhsil ocaqlarına minnətdarlıqlarını bildiriblər, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

    Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi