Azərbaycanla Meksika arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Meksika arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib Səməd Seyidov Meksika Senatının Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barronu qəbul edib
Elm və təhsil
11 İyun , 2015 20:13
Azərbaycanla Meksika arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Meksika Senatının Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barronu qəbul edib.

ADU İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, Səməd Seyidov rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında məlumat verərək, universitetdə 22-yə yaxın dilin tədris olunduğunu bildirib. Rektor ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında ətraflı danışıb. ADU-nun beynəlxalq əlaqələrindən söz açan rektor universitetin dəvəti və maliyyə dəstəyi ilə hazırda Fransanın Paris-Sorbon Universitetinin on dörd nəfər tələbəsinin, həmçinin universitetdə hər il keçirilən ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-nun Yay məktəbində iştirak edəcək altı nəfər amerikalı tələbənin universitetə gəldiyini bildirib. ADU-nun bir çox ölkələrin ali təhsil müəssisələri ilə sıx əlaqələri olduğunu qeyd edən rektor Səməd Seyidov on nəfər tələbənin 2015-2016-cı tədris ilində Çin Xalq Respublikasının Şenyan Pedaqoji Universitetində universitet hesabına təhsil almağa göndərildiklərini də vurğulayıb. O, meksikalı tələbələrin də ADU-ya gələ biləcəklərinin mümkünlüyündən söz açıb. Bakıda keçirilən ilk Avropa Oyunlarından danışan rektor universitetin 2000 tələbəsinin bu oyunlarda könüllü kimi fəaliyyət göstərəcəklərini vurğulayıb.

Öz növbəsində, Qabriella Kuevas Barron Bakıda keçirilən ilk Avropa Oyunlarına dəvət olunduğunu deyərək, meksikalı tələbələrin Azərbaycan dilinə olan marağından danışıb. O, Meksika universitetləri ilə ADU arasında əməkdaşlığın uğurlu alınacağına əminliyini ifadə edib və təhsilin ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynadığını sözlərinə əlavə edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin (İRK) fəaliyyəti ilə yaxından tanış olublar.

Qeyd edək ki, görüşdə Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini və Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi