Azərbaycanın şimal bölgəsində vərəmə yoluxma halları artıb

Azərbaycanın şimal bölgəsində vərəmə yoluxma halları artıb İradə Axundova: "Vərəmlə bağlı xəstəlikdə yaşlaşma tendensiyası nəzərə çarpır"
Elm və təhsil
27 Mart , 2017 15:42
Azərbaycanın şimal bölgəsində vərəmə yoluxma halları artıb
Report.az

Bakı. 27 mart. REPORT.AZ/ “Keçən il üçün Azərbaycanda vərəmə ilkin yoluxan xəstələrin sayı 3500-ə qədər olub”. 

“Report”un məlumatına görə, bunu Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova deyib.

Onun sözlərinə görə, vərəmə ilkin yoluxan xəstələr arasında uşaqlar 3-4 faiz təşkil edib: “Ölüm hallarına gəlincə, hər 100 min əhaliyə 3,8 nəfər təşkil edib. Halbuki bu rəqəm 2015-ci ildə 4,2 nəfər idi. Uşaqlar arasında vərəmlə bağlı xəstələnmənin sayı azalıb. Eyni zamanda, vərəmdən ölüm halı da azalır. Vərəm aktiv insanların xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Azərbaycanın statistikasına görə, 25 yaşından 44 yaşına qədər insanlar ən çox vərəmlə xəstələnir. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir”.

İ.Axundova bildirib ki, ölkədə vərəmlə bağlı qeydiyyatda olan xəstələrin sayı il ərzində 8500-9000 arasında dəyişir: "Hazırda 918 xəstə müalicəni davam etdirir. Müalicə effektliyi 69 faizdir".

Mütəxəssis son illər vərəmə yoluxan insanların yaş həddinin artdığını da söyləyib: "Vərəmlə bağlı xəstəlikdə cavanlaşma yox, yaşlaşma tendensiyası nəzərə çarpır. Şəkərli diabet, mədə və on iki barmaq bağırsağın xorası, bronxial astma və hormonla müalicə olunmalı xəstəlik buna təsir göstərir. Yəni hansı xəstəliklər ki, immuniteti zəiflədir, bu da orqanizmin vərəmə yoluxma riskini artırmış olur”.

Direktor müavini vurğulayıb ki, son illər şimal bölgəsində vərəmlə daha çox xəstələnmə müşahidə olunur: "Bunu da sərhədə yaxın olmaqla əlaqələndiririk. Vərəmin yaranmasına vərəm mikobakteriyası səbəb olur. Vərəm infeksion xəstəlik olduğundan yalnız xəstə insandan hava damcı yolu ilə sağlam insana ötürülərək yoluxma əmələ gətirir, bundan sonra xəstəlik yaradır. 2016-cı il üçün ilkin vərəmlə xəstələnən insanların sağalma faizi 83 olub. ÜST-nın qoyduğu həddə çatırıq, hansı ki, bu rəqəm 85 faiz təşkil edir”.

Son xəbərlər

Orphus sistemi