Bakı. 29 oktyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Avropa Gənclər Klubları Konfederasiyasının İspaniyanın Barselona şəhərində Baş Assambleyasında iştirak edib. Bu barədə "Reporta" mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Təhsil Mərkəzinin beynəlxalq əlaqələr üzrə ekspertlərinin iştirakı ilə keçirilən yekun iclasda Mərkəzin Konfederasiyanın idarə heyətində təmsil olunması irəli sürülüb. Müzakirələr zamanı Gənclər üçün Təhsil Mərkəzinin bu il ərzində həyata keçirdiyi 68-dən çox tədbir haqqında təqdimat edib və üzv ölkələrin nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki, təşkilat Konfederasiyaya müşahidəçi üzv olmadan birbaşa assosiativ üzv olması Azərbaycanın beynəlxalq nüfuzu, aparılan səmərəli gənclər siyasətinin, həmçinin Mərkəzin effektiv fəaliyyətinin nəticəsidir: "Bununla yanaşı, 2 il keçməmiş Mərkəzi tamhüquqlu üzv kimi beynəlxalq quruma qəbul etdilər. Bütün bu nəticələrin qarşısında biz ölkəmiz adına beynəlxalq qurumda daha geniş söz sahibi olmamız üçün Konfederasiyanın idarə heyətinə namizədliyimizi irəli sürmüşük. Tezliklə beynəlxalq qurumun daha ali mövqelərində təmsil olunacağıq".
Qeyd edək ki, Avropanın 20-dən artıq ölkəsinin təmsil olunduğu bu qurumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində gənclərin rolunu dəstəkləyən fəal gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirməsinə və qeyri-formal təhsilin inkişaf etdirilməsinə kömək etməkdir.