Yuxarı

Azərbaycanın dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan şagirdlərin sayı açıqlanıb

Onlardan 48 nəfər ali məktəblərə, 29 nəfər orta ixtisas, 91 nəfər isə ilk peşə-ixtisas təhsili müəssisələrinə daxil olub

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 42 dövlət uşaq müəssisəsində 9 903 şagird təlim-tərbiyə alır. Onlardan 3 548 nəfər həmin müəssisələrdə gecələyir. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin yaydığı hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, 2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrini 716 nəfər məzun bitirib. Onlardan 48 nəfər ali məktəblərə, 29 nəfər orta ixtisas, 91 nəfər isə ilk peşə-ixtisas təhsili müəssisələrinə daxil olub.

Uşaqlara və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi nəticəsində bu günə qədər ölkə üzrə, ümumilikdə 589, 2014-cü ildə isə 15 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. 2014-cü ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 33 nəfər uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 10 nəfər uşaq (4 nəfər uşağın isə övladlığa götürülməsi ilə bağlı məsələyə hazırda aidiyyəti üzrə rayon məhkəmələrində baxılır) övladlığa verilib.

Ötən tədris ilində rəsm, inşa müsabiqəsində və müxtəlif idman yarışlarında internat məktəblərinin 53 şagirdi I, 32 şagirdi II və 46 şagirdi III yeri tutub.

Son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə- ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası və 18 nəfər isə 400-500 arası bal toplayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi