Yuxarı

Azərbaycanın dövlət bayrağının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycanın dövlət bayrağının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət bayrağının 100 illik yubileyinə həsr olunan “Milli bayrağımız, milli kimliyimiz" adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində baş tutan tədbirdə Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının nümayəndələri, eləcə də TİKA-nın, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəblilər iştirak ediblər.

“Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin sədri Sevinc Əsgərova bildirib ki, məqsəd Azərbaycan bayrağının yaranması, tarixi, 100 il ərzində keçdiyi çətin və şərəfli yolu şagirdlərin yaddaşına hopdurmaqdır.

O deyib ki, dövlət bayrağı gələcək nəsillər üçün böyük mirasdır: "Hər dövlətin bayrağının rəmzlərində Azərbaycan bayrağının daşıdığı qədər dərin mənalar olmur. Bayrağımız bizə böyük bir yadigardır. Uşağın tərbiyəsi, kamil vətəndaş kimi yetişməsi, kompleks tərbiyə işi üçün nə lazımdırsa, onların hamısını bizim bayrağımız özündə cəmləyib. Bayrağımızın rəngləri, simvoları yeni nəslin öz soy-kökünü öyrənməsi, tarixini bilməsi, hardan gəlib hara gedəcəyini, necə yaşayacağını müəyyənləşdirməsi baxımından bir mayakdır".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Səkinə Ağalarova tədbirin təşkilatçılarına təşəkkür edib və belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Daha sonra məktəblilər tərəfindən bayraq haqqında səhnəciklər göstərilib, şeirlər səsləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi