Yuxarı

​Azərbaycanın 59 vətəndaşı Macarıstan və Çində təhsil alacaq

Onlar həmin ölkələrin ayırdıqları təqaüdlər hesabına təhsil almaq hüququ qazanıblar

Bakı. 18 avqust. REPORT.AZ/ Təhsil Nazirliyində Macarıstan və Çin Xalq Respublikasında təhsil almaq üçün seçilmiş tələbələrlə görüş keçirilib. Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil almasının əhəmiyyətindən danışıb. F.Qurbanov Macarıstan və Çində bu ölkələrin ayırdıqları təqaüdlər hesabına təhsil almaq hüququ qazanmış tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və təhsildə əldə etdikləri nailiyyətlərin ölkənin dinamik inkişaf prosesinə əhəmiyyətli təsir göstərəcəyinə əminliyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü ilin noyabr ayında Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın Təhsil Nazirliyi və Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı imzalanıb. Proqrama uyğun olaraq Macarıstan tərəfi birtərəfli qaydada Azərbaycan vətəndaşlarına Macarıstan ali təhsil müəssisələrində təhsil almaları üçün təqaüdlər ayırır. Proqram şərtlərinə görə, Macarıstan tərəfi təqaüd hesabına təhsil alacaq tələbələri ödənişsiz təhsil, universitet yataqxanasında yaşayış, tibbi sığorta və aylıq təqaüdlə təmin edir.

Beləliklə 2015/2016-cı tədris ilində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil alacaq tələbələrin seçimi keçirilib, bununla da 51 nəfər Azərbaycan vətəndaşı Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” kimi ali təhsil müəssisələrində insan resurslarının idarəolunması, kompüter elmləri, biznesin idarəolunması, turizm, kimya mühəndisliyi, iqtisadiyyat və s. ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıblar. Bunlardan 18 nəfəri bakalavriat, 28 nəfəri magistratura, 5 nəfəri doktorantura təhsil səviyyələri üzrə təhsil alacaqlar.

Bu il Təhsil Nazirliyi tərəfindən həmçinin Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında 13 iyul 2012-ci il tarixində imzalanmış “Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq ÇXR ali təhsil müəssisələrində 2015/2016-cı tədris ilində təhsil alacaq tələbələrin seçimi aparılıb, yekun yerləşdirmələr nəticəsində 8 nəfər namizəd “Huazhong University of Science&Technology”, “China Medical University” kimi ali təhsil müəssisələrində çin dili, biologiya, tibb ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıblar. Onlar ÇXR ali təhsil müəssisələrində bakalavriat, magistratura, doktorantura təhsil səviyyələri üzrə təhsil alacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi