​Azərbaycandakı palçıq vulkanları tədqiq edilir

​Azərbaycandakı palçıq vulkanları tədqiq edilir AMEA Geologiya və Geofizika İnstitutu Rusiya və Ukrayna institutları ilə birgə layihələr həyata keçirir
Elm və təhsil
6 Fevral , 2015 20:05
​Azərbaycandakı palçıq vulkanları tədqiq edilir

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) palçıq vulkanlarının tədqiqi istiqamətində xarici əlaqələrini, məlumat və təcrübə mübadiləsini genişləndirməkdədir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan (GGİ) məlumat verib.

Məlumata görə, İnstitutun rəhbərliyi ilə xarici elmi-tədqiqat müəssisələri arasında imzalanmış əməkdaşlıq müqavilələri, həmçinin qrant layihələri çərçivəsində müəyyən işlər aparılıb, mühüm nəticələr əldə olunub. Tədqiqatlar GGİ-nin palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Adil Əliyevin başçılığı ilə həyata keçirilir.

Belə ki, Azərbaycan və Ukraynanın palçıq vulkanlarının geoloji-geokimyəvi xüsusiyyətləri müqayisəli təhlil edilib və yeni məlumatlar alınıb. İlk dəfə olaraq Azərbaycanın palçıq vulkanlarında mineralogiya üzrə işlər aparılıb və bu GGİ-də yeni elmi istiqamət kimi formalaşdırılır. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında, o cümlədən Dəmirçi K.Mərəzə və Şıxzarlidə yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib.

Tədqiqatlar Ukrayna Elmlər Akademiyasının Dəniz Geologiyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə birgə “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” adlı layihə çərçivəsində aparılır. Layihənin ukraynalı alimlər tərəfindən icra olunan işlərinə bölmənin rəhbəri, akademik Yevgeniy Şnyukov başçılıq edir. Beşillik layihə 2017-ci ildə başa çatacaq.

Rusiya Elmlər Akademiyasının Geoloji İnstitutu ilə “Qafqaz regionun müasir geodinamikası, flüid rejimi və neft-qazlılığı” adlı layihə də həyata keçirilir. Burada Azərbaycanın 40-dan çox palçıq vulkanından götürülmüş qaz və su nümunələri izotop-geokimyəvi analiz olunub və nəticələr Gürcüstanın Taman yarımadasındakı palçıq vulkanlarının yer səthinə çıxardığı flüidlərlərdəki geokimyəvi göstəricilərlə müqayisə edilib.

Vulkanlarda üstünlük təşkil edən iki əsas su növü müəyyən edilib: az minerallaşmış natrium xlorid və çox minerallaşmış kalsium xlorid. Vulkanlarda mineral suların temperaturunun dərinliklərə nisbətən dəyişməsi neftqazəmələgəlmənin ilkin mərhələsi ilə əlaqəni göstərir.

Vulkan tullantılarında süxur nümunələri, yanar şistlər və pirit mineralları da öyrənilib. Nəticələr elmi məqalələrdə çap etdirilib. Beşillik layihə bu il başa çatacaq.

Son xəbərlər

Orphus sistemi