Yuxarı

​Azərbaycanda “Zəlzələ LİDAR”ı üzrə Dövlət Proqramı layihəsi hazırlanacaq

Bu iş 4 quruma tapşırılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Aviasiya Akademiyası, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi birgə “Zəlzələ LİDARı” üzrə Dövlət Proqramı layihəsi hazırlayacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq atom qüvvə mikroskopu və lüminessent analiz metodları (LİDAR texnologiyası) Milli Aviasiya Akademiyasında yaradılıb.

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, LİDAR Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə “Müasir metodlarla neft-qaz əməliyyatlarının keçirilmə zamanı ətraf mühitin çirklənməsinin monitorinqi” layihəsi çərçivəsində qurulub. Layihənin məqsədi neft-qaz çıxarılması zamanı su və yer səthinə çıxan neft məhsullarının, kimyəvi reagentlərin və qazma məhlullarının məsafədən zondlanması üçün nəzərdə tutulan flüorissent LİDAR-ın istehsalı və inkişafıdır. 

LİDAR-ın Xəzər dənizi və ətrafının təmizlik və monitorinqində böyük rol oynayacağı, onun Azərbaycanın müxtəlif sahələrində istifadə perspektivlərinin də nəzərdə tutulduğu bildirilib. Atmosferdəki aerozolların xüsusiyyətlərinin müəyyənləşdirilməsində LİDAR-ın əhəmiyyəti vurğulanıb. Son 15 ildə dünyada LİDAR texnologiyasının zəlzələ diaqnostikasında geniş yayıldığından onun Azərbaycanda tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi əlavə olunub.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə LİDAR sahəsində tədqiqatların genişləndirilməsi məqsədilə “Zəlzələ LİDAR”ı və "Aerozol LİDAR"ı  üzrə layihələr hazırlanaraq Rəyasət Heyətinə təqdim olunması tapşırılıb. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Aviasiya Akademiyası, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birgə “Zəlzələ LİDAR”ı üzrə Dövlət Proqramı layihəsinin hazırlanması məqsədəuyğun hesab edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi