​Azərbaycanda texnikumlara və ali məktəblərin bəzi ixtisaslarına qəbulu zamanı vahid imtahan tətbiq olunacaq

​Azərbaycanda texnikumlara və ali məktəblərin bəzi ixtisaslarına qəbulu zamanı vahid imtahan tətbiq olunacaq Ali məktəblərə qəbul qaydalarının liberallaşması nəzərdə tutulur
Elm və təhsil
25 Noyabr , 2014 13:51
​Azərbaycanda texnikumlara və ali məktəblərin bəzi ixtisaslarına qəbulu zamanı vahid imtahan tətbiq olunacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ Gələn ildən ali məktəblərə qəbul qaydalarının liberallaşması nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçən ildən başlayaraq 9 illik bazadan texnikumlara buraxılış imtahanı nəticəsində abituriyentlərin qəbulu aparılırdı. Gələn ildən isə 11 illik bazadan texnikumlara qəbul buraxılış imtahanının nəticəsində aparılacaq. Onlar qəbul imtahanı vermədən buraxılış imtahanlarının nəticələrinə əsasən texnikumlara qəbul ola biləcəklər. Təbii ki, XI sinif şagirdlərinə həm də ali məktəblərin imtahanlarında iştirak etmək imkanı verilir. Şagirdlərin seçimindən asılı olaraq onlar ya ali məktəblərə sənəd verə bilərlər, istəmirlərsə də buraxılış imtahanı nəticəsində texnikuma qəbul ola biləcəklər”.
M.Abbaszadə əlavə edib ki, daha bir yeniliyə əsasən, gələn ildən III qrupda qabiliyyət tələb edən ixtisasları və IV qrupda qabiliyyət tələb edən idman ixtisaslarına qəbul buraxılış imtahanı və qabiliyyət imtahanı nəticəsində aparılacaq. Onun sözlərinə görə, bu da qəbul imtahanlarında iştirak edən uşaqların daha da ciddi hazırlaşmalarına əlavə imkan yaradacaq: “Uzun illərdir gileylənirik ki, qabiliyyət tələb edən ixtisaslara gedən şagirdlərin göstəriciləri aşağı olur. Bu göstərici 100-150-200 arasında dəyişir. Son 20 ildə III qrupda yaradıcılıq tələb edn ixtisaslarda – aktyorluq, musiqi, rəssamlıq, rejissorluq 5 fəndən yaxşı nəticə göstərən uşaqlar az olub. Onlar yaxşı hazırlaşmırlar, bəlkə də onlar üçün çətindir. Amma indi onlara imkan verilir ki, 3 fəndən – Ana dili, Riyaziyyat və Xarici dildən hazırlaşaraq ali məktəbə qəbul ola bilərlər. Amma burada bir məsələ var. Əgər onlar buraxılış imtahanında “2” alsalar da attestat alacaq, amma onların balları qabiliyyət imtahanında iştirak etməyə imkan verməyəcək. Buraxılış imtahanında hər bir fənn üzrə 10 bal məhdudiyyəti qoyulur. Onlar hər bir fənn üzrə 30 sualdan ən azı 8-nə cavab verdikləri halda, qabiliyyət imtahanında iştirak edə biləcəklər”.
Əvvəlki illərin məzunlarına gəlincə, TQDK sədri qeyd edib ki, onlar da yalnız texnikumlara qəbul olmaq istəyirlərsə, ərizə verərkən bunu sənədlərində qeyd edirlər. Onun sözlərinə görə, bununla da onlar eksternat buraxılış imtahanlarında iştirak edəcəklər: “Əgər onlar qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyirlərsə, yenə də eksternat buraxılış imtahanlarında iştirak etməlidirlər. Əgər ali məktəblərin ümumi ixtisaslarının müsabiqəsində iştirak etmək istəyirlərsə, o zaman onlar qəbul imtahanlarında iştirak etməli olacaqlar”.
M.Abbaszadə vurğulayıb ki, bu qaydalar tam şəkildə 1 nömrəli “Abituriyent” jurnalında çap olunacaq. Onun fikrincə, qaydalar ekspertlər tərəfindən bəyənilib və təsdiq olunub. Qaydaların hüquqi müstəvidə təsdiqi bu yaxınlarda gözlənilir.

Son xəbərlər

Orphus sistemi